Doğrudan da, Sevgililər Günü ancaq bir-birinə hədiyyə almaqdan və bahalı şam yeməklərindən ibarətdir? Bizə görə, 14 Fevral cütlükləri “bir az da narahat edəcək” bir mövzu haqqında danışmaq üçün ideal vaxtdır. Mövzu isə, təbii ki, puldur.
Məqalə boyunca cütlüklərin bir-birlərinə büdcə haqqında verə biləcəyi 5 sual və bu sualların əhəmiyyəti haqqında şərhlər oxuyacaqsan. Ümid edirik, bu məqalədən sonra həyat hər ikiniz üçün daha rahat olacaq.
1. “Büdcəmizi, doğrudan da, izləyirik?”
Başa düşürük, pul haqqında söhbətlər stresli və narazılıqlarla dolu ola bilər, amma gəlirləri və xərcləri izləmək vacibdir. Məsələn, son bir ayda və ya bir ildə hara pul xərclədiyinizə və necə qənaət edə biləcəyinizə nəzər yetirin. Məsələn, lazımsız abunəliklər burada kömək ola bilər. Doğrudan da, bu abunəliyə ehtiyacınız var, yoxsa sərfəli alternativlər tapmaq mümkündür?
Prosesi bir az daha yumşaltmaq üçün özünüzü mükafatlandıra bilərsiniz. Məsələn, hər ayın eyni günündə büdcə planlamaları edin və planlamanı tamamladıqdan sonra şəhərdə gəzintiyə çıxın, ya da özünüzə dadlı bir kokteyl alın. Beləcə, bu sıxıcı prosesi bir az daha maraqlı edəcəksiniz.
2. “Bizim üçün “kifayət qədər” nə deməkdir?”
Bu sual təkcə büdcə ilə bağlı deyil. Bəziləri üçün sevdiklərinin sağlamlığı, digərləri üçün isə yüksək vəzifə kifayətdir. Başqa sözlə, partnyorun nədənsə narazıdırsa, məsələ sadəcə pul olmaya bilər. Bəlkə, hədəfləriniz fərqlidir, ya da gözləntiləriniz üst-üstə düşmür.
Odur ki bu cür suallar verərək müzakirə edin: “Sənin üçün bu hədəf niyə bu qədər önəmlidir?”, “Ona çatmaq üçün nələr edə bilərik?” və s.
3. “Pul mövzusunda bir-birimizlə necə daha açıq və ortaq ola bilərik?”
Unutmayın ki, bu suallara cavab verərkən dürüstlük ən önəmli faktorlardandır. Məsələn, partnyorunun 15 000 ₼ dəyərində krediti var, amma sənin heç bir borcun yoxdur. O zaman sən başa düşməlisən ki, bu kredit də onun büdcəsinin bir hissəsini əhatə edir və ona hansısa yolla kömək etməlisən. O, kredit borcunu bitirənə qədər sən ev xərclərini bir az daha öz öhdəliyinə götürə bilərsən. Lakin büdcəyə görə yaranan ən kiçik mübahisədə belə: “Sənin kredit borcuna görə belə oldu”, — demək də düzgün deyil.
Doug Boneparth-ın araşdırmasına görə, büdcələrini birləşdirən və bu yolda tərəfdaş kimi hərəkət edən cütlüklər daha uğurlu olur. Deməyimiz odur ki, heç nə gizlətməyin, siz komandasınız və bir-birinizə güvənməlisiniz.
4. “Hər ikimizin gördüyü iş ədalətli şəkildə qiymətləndirilir?”
Münasibətdə görülən işlərin hamısı maaşla ölçülmür. Ev işləri, uşağa baxmaq və bu kimi digər məsuliyyətlər də real və dəyərli əməkdir.
Əgər tərəflərdən biri daha çox qazanırsa və ya yalnız bir nəfər işləyirsə, bu o demək deyil ki, digər tərəf bunun qarşılığında bütün ev işlərini və digər öhdəlikləri öz üzərinə götürməlidir. Bu balans pozularsa, zamanla inciklik və gizli narazılıq yaranar.
Yuxarıda qeyd etdiyimiz birgə hesab ideyası burada psixoloji baxımdan kömək edə bilər. Bu yanaşma gəlir fərqini ön plana çıxarmır, kimin nə qədər qazandığına fokuslanmır və məsələni sadələşdirir. Bir sözlə, pul nə sənin, nə də onundur… Pul sizindir.
5. “Gələcəyimiz üçün ortaq hədəflərimiz nələrdir?”
Misal üçün həyatınızın növbəti mərhələsində ideal bir gününüzü necə təsəvvür edirsiniz? Sən daha çox gəzmək, yoldaşın isə daha sakit həyat arzulayır? O, şəhərdən köçmək istəyir, amma sən burada qalmaq istəyirsən?
Bu suallar romantik görünməyə bilər, amma münasibətin istiqamətini müəyyənləşdirir və xoşbəxt gələcəyin təməllərini atır. Əlbəttə, bütün mövzularda tamamilə razılaşmaya bilərsiniz, amma bu söhbət “biz” anlayışını daha konkret formaya salmağa kömək edir. Üstəlik, bu cür sualları verdiyin zaman partnyorun gələcəyinizi nə qədər düşündüyünü də görür.
Ortaq hədəflərinizi müəyyən etdikdən sonra həmin hədəflərə çatmaq üçün strategiya və planı da birlikdə qurmağı unutmayın.
Nəticə
Sevgi təkcə söz və hədiyyə ilə ölçülmür. Bəzən ən böyük qayğı bir-birinizlə bu cür mövzular haqqında açıq və dürüst danışmaqdır. Çünki güclü münasibət təkcə emosional yox, maliyyə baxımından da eyni komandada oynamaq deməkdir.
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!