pulları ram edir!
Pullar
Faydalı bilgilər
Mini məqalələr
Şəxsi təcrübə
23.12.2025
Kazım
/müəllif

Yeni il gecəsinə maraq qatacaq 5 oyun

Yeni ili digər bayramlardan fərqli edən ünsürlərdən biri də ailə üzvlərinlə, dostlarınla — bir sözlə, sevdiklərinlə eyni masa arxasında toplaşmaqdır. Bu gecə ilin bütün yorğunluğunu, əsəbini və neqativlərini geridə qoyduğumuz və xoş xatirələrdə yadda saxladığımız gecədir.

Amma gəl etiraf edək ki, sadəcə yemək, söhbət və musiqi bəzən əylənmək üçün kifayət etmir. Gecəyə, həqiqətən də, maraq və əyləncə qatacaq oyunlar lazımdır. Bu məqalədə həm ailəvi, həm də dost məclisinə uyğun olan 5 sadə, amma eyni zamanda maraqlı oyunları sənin üçün toplamışıq. 
1. Kim tez tapar?
Bu oyun həm əyləncəlidir, həm də sağlamlıq dostudur… Çünki oyunu oynayarkən bir an belə dayanmırsan. Belə ki, təsadüfi formada əlifbadan hərflər seçilir və hansı hərfin adı çəkilsə, oyunçular həmin hərflə başlayan əşyanı tapmalıdırlar. Nəticədə, ən çox xal toplayan qalib gəlir.

Bu oyun həm uşaqların, həm də böyüklərin diqqətini çəkir və şən ab-hava yaradır. Xüsusilə də, hamı eyni əşyanın üstünə qaçanda…

2. Beer pong
Yeni il gecəsinə həm enerji, həm də rəqabət və gülüş qatmaq istəsən, bu oyun sənlikdir. Deməli, komanda üzvləri masa arxasında qarşı-qarşıya dayanır və masanın üzərində düzülmüş içki dolu stəkanlara stolüstü tennis topu atmağa çalışırlar. Top stəkana düşərsə, 1 xal qazanırsan və rəqib komanda həmin içkini mütləq içməlidir.

3. Yeni ildə bizi nə gözləyir?
Bu oyun üçün kiçik kağızlara gələcəklə bağlı müxtəlif təxminlər yazılır. Ardınca kağızlar bir qutuya yığılır və hər kəs təsadüfən birini götürür. Kağızlara yazacağın mesajları həm dostlarla birlikdə düşünə, həm də süni intellekt alətlərindən istəyə bilərsən. Bir neçə fikir isə bizdən gəlsin:
  • Bu il özündə yeni istedad kəşf edəcəksən
  • Maaşı ikiqat çox olan işə başlayacaqsan
  • Bu il evlənəcəksən
  • Xaricdə təhsil almağa yollanacaqsan
  • Çox güldüyün bir olacaq

Məsləhətimiz budur ki, əhvalı yüksək tutmaq üçün neqativ mesajlardan qaçasan.
4. Filmi tap
Aparıcı bir Yeni il və ya qış mövzulu film seçir. Komanda üzvləri isə həmin filmi təsvir edərək və ya səssiz formada imitasiya edərək oyunçulara başa salmağa çalışır. İki və ya daha çox qruplara bölünərək bu oyunu oynamaq olar.

Dostlar arasında filmləri sevənlər çoxdursa, bu oyunu ən çox onlar bəyənəcək. Hər cavab üçün xallar müəyyən edib sonda qalib gələn komandaya simvolik hədiyyə təqdim etmək olar.

5. Mən kiməm?
Siyahının sonuncu oyunu da hamının gülüşləri ilə yadda qalacaq. Bu oyunun da qaydaları sadədir. Belə ki, hər kəsin alnına bir kağız yapışdırılır və kağızda məşhur bir şəxsin adı yazılır. Bu, tarixi şəxsiyyət, bədii obraz və ya ailədən bir nəfər ola bilər. Oyunçular “hə-yox” cavabı olan suallar verərək kim olduqlarını tapmağa çalışırlar.

Lokal və gülməli şəxslərin adlarını yazaraq oyunu ikiqat əyləncəli etmək olar. Üstəlik, həm uşaqlar, həm də böyüklər üçün uyğundur.
Nəticə
Yeni il gecəsinin gözəlliyi nə bahalı masa oyunlarında, nə də dolu bayram süfrəsində gizlənir. Əsas olan hamının bir araya gəlib səmimi gülməyi və il boyu topladığını enerjini, xatirələri bölüşməsidir. 

Qoy Yeni il sənə bol sevinc, xoş sürprizlər və çoxlu gülüş gətirsin. Yeni ilin indidən mübarək!
Yeni il sürprizləri Limon qazanında!
“Telegram” kanalımıza abunə ol, Yeni il ilə bağlı maraqlı məqalələrdən, testlərdən və müsabiqələrdən ilk sən xəbər tut!

Oxşar məqalələr