Ekspertlərdən maaş artımı üçün bələdçi: Daha çox maaşa layiqsən?!
Çox çalışdığını və daha çox maaşa layiq olduğunu düşünürsənsə, bu, təbiidir. İş yoldaşlarından çox işlədiyini fikirləşirsən, amma hesabına oturan məbləğ dəyişmir. Çox adam bu məqamda inciyir, küsür, ya da sakitcə yeni iş yeri axtarır. "LinkedIn"in peşəkar karyera ekspertləri isə bu məsələyə yeni yol təklif edir: Maaş danışığına bir "konflikt" kimi yox, "biznes təklifi" kimi bax.
Bu sənin ehtiyaclarınla yox, şirkətin səndən aldığı fayda ilə əlaqəlidir. Odur ki gəl bunu addım-addım və peşəkar formada həll edək.
1-ci mərhələ: Hissləri faktlara çevir
Rəhbərin otağına "mən çox əziyyət çəkirəm", "hamıdan çox işləyirəm" kimi cümlələrlə girmək ən böyük səhvlərdəndir. Çünki əziyyət subyektiv, sənin təmin etdiyin nəticə isə faktdır. Yaxşı olar ki, uğurlu nəticələrini siyahı şəklində yazasan, bu uğurlarda oynadığın rolu qeyd edəsən və bunlardan söhbət açasan.
Aşağıdakıları yazıb görüşə bunlarla gedə bilərsən:
Xilaskar anların: Hansı böhranı həll etmisən? (Məsələn: "Veb-sayt çökəndə saat 2-də düzəldən mən idim".)
Real rəqəmlər: Dəqiq faktlar təqdim et. Məsələn: "Endirim kampaniyasında satışları keçən ilə nisbətən 15% artırdım", — de.
Görünməyən işlər: Vəzifə öhdəliklərində olmayan, amma öz üstünə götürdüyün hansı işlər var? Yeni gələnləri öyrədirsən? Sosial media üçün əlavə videolar çəkirsən? Yoxsa məhsulla bağlı təkliflərini müvafiq komandaya ətraflı şəkildə bildirmisən? Qısası, şirkətə can yandırdığını hiss etdir.
Yaradıcılıq valyutası: Yaradıcı sahədə (dizayn, marketinq və s.) işləyirsənsə, istedadını biznes dilinə çevir. Misal, sənin yazdığın mətn şirkətə nə qədər klik qazandırıb?
Şirkət sənin keçmişinə yox, gələcəyinə pul ödəyir. Nəticədə, bu siyahı sübut edir ki, sənə investisiya ayırmaq gəlir gətirəcək.
2-ci mərhələ: Bazar kəşfiyyatı (Real qiymətin nədir?)
“Mənə az maaş verirlər” demək üçün əlində real bazar qiyməti və ya bazar araşdırması olmalıdır.
Araşdırma üçün “Glassdoor” və “LinkedIn Salary” platformalarına üz tuta bilərsən, amma bunlar qlobaldır. Azərbaycan üçün “Limon qazanı”, ya da yerli HR qruplarında (Facebook, Telegram) anonim sorğular keçirə bilərsən. Eyni vəzifədəki dost-tanışdan da birbaşa yardım almaq olar.
Araşdırmadan sonra bir aralıq müəyyən et. Başqa sözlə, heç vaxt maaş artımı üçün spesifik məbləğ demə. Əksinə, aralıq desən (məs, 1500-1800), bu sənə manevr imkanı verəcək.
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!
Bu görüş ayaqüstü, araya salınan bir görüş olmamalıdır. Menecerinlə xüsusi görüş təyin et: “Karyera hədəflərim və kompensasiyam barədə danışmaq üçün 15 dəqiqə ayıra bilərsiniz?"
Görüşdə aşağıdakı ssenaridən istifadə edə bilərsən, amma öz şirkətinə və tonuna uyğunlaşdırmaqla:
Pozitiv giriş: “Son 1 ildə komanda ilə birgə əla işlər gördük. Xüsusilə, [Layihə A] və [Layihə B] ilə qazandığımız nəticələr məni qürurlandırır”.
Keçid: “Bu müddətdə öhdəliklərim artdı. Artıq təkcə [Vəzifə A] yox, həm də [Vəzifə B]-ni idarə edirəm. Bazar araşdırmama görə, bu səviyyədəki rolun dəyəri [X-Y məbləğ] arasındadır”.
Təklif: “Mənim şirkətə verdiyim dəyəri və bazar reallığını nəzərə alaraq maaşımın [X-Y məbləğ] aralığında artırılmasını müzakirə etmək istəyirəm”.
Sükut: Artıq dayanmaq vaxtıdır. Özünü izah etməyə çalışma, çünki bu sükut meneceri düşünməyə və cavab verməyə vadar edəcək.
4-cü mərhələ: “Büdcə yoxdur” — desələr, nə etməli?
Arzulamırıq, amma əksər hallarda ilkin cavab "yox" və ya "indi yox" olacaq. Təəssüflənmə, bu hələ son deyil, başlanğıcdır. "LinkedIn" ekspertlərinin bu vəziyyət üçün də kreativ həlləri var:
Pilləli artım: "Yaxşı, indi büdcə yoxdur. Amma gəlin razılaşaq, əgər 3 ay sonra [X hədəf] çatsam, maaşım avtomatik [Y məbləğ] olsun. Bunu yazılı formada mənə göndərərsiniz?"
Maaş olmayan üstünlüklər: Əgər pul, həqiqətən, yoxdursa, o zaman başqa şeylər istə. Məsələn, evdən işləmək üçün daha çox gün, təhsil büdcəsi, ya da əlavə məzuniyyət günləri.
Konkret tarix istəməyi isə unutma. "Bu məsələyə yenidən nə vaxt baxa bilərik?" — sualını ver və təqvimdə həmin tarixi qeyd et.
5-ci mərhələ: Psixoloji hazırlıq
Şirkət sənin düşmənin deyil. Sadəcə HR və ya menecerin də öz büdcəsi var. Sən onlara kömək etməlisən ki, sənin maaşını qaldırmaq üçün öz rəhbərlərinə bunu əsaslandıra bilsinlər. Başqa sözlə, sən onlara rəqəm və faktları təqdim edəndə onların işini asanlaşdırırsan.
Qısa xülasə:
Nəticələrini faktlarla yaz;
Bazarı öyrən;
Görüş təyin et;
Dəyərini sat, ehtiyacını yox;
“Yox” cavabını “Nə vaxt?” sualına çevir.
Sən buna layiqsən və bunu sübut etmək vaxtıdır. Uğurlar!
“Bir” ekosistemində karyera
Çevik iş modellərinə, nəticə əsaslı performansa və güclü komanda mədəniyyətinə fokuslanan mühit axtarırsansa, düz ünvandasan.