pulları ram edir!
Pullar
Faydalı bilgilər
Mini məqalələr
Şəxsi təcrübə
23.02.2026
Kazım
/müəllif

Həqiqətən də, süni intellektdən istifadə etdikcə kütləşirik?

Bu gün bizi maraqlandıran sual budur ki, görəsən, süni intellektə güvənsək, tənqidi düşüncəmizin tamamını itirərik? Odur ki bu sualı araşdırıb yeni məqaləmizdə cavablandırmaq istədik. 

3-4 il əvvəl süni intellekti hamı təriflə paylaşırdı, amma indi onu bəyənənlər azdır. Daima “ChatGPT”ə, ya da başqa alətlərə müraciət edən insanları “kütləşmədə” günahlandırırlar. Görək süni intellekt insanın zehni bacarıqları üçün real təhlükədirmi və çatbotlardan necə istifadə etməliyik ki, kütləşməyək… 
Niyə insanların süni intellektə görə kütləşdiyi düşünülür?
2025-ci il boyunca internetdə süni intellektdən istifadə ilə bağlı mənfi münasibət formalaşmağa başladı. Müxtəlif tapşırıqları süni intellektlə həll etdikcə bu cür istifadəçilərə qarşı baxış dəyişdi və onlar qınaq obyektinə çevrildilər. Hətta bir sorğunun nəticəsinə görə, 1000 ABŞ vətəndaşından 49 %-i süni intellekt istifadə etdiyini gizlədir, səbəb kimi isə qınama obyektinə çevrilməkdən qorxduqlarını qeyd edirlər. Böyük Britaniyada aparılmış bir sorğu da göstərir ki, tələbələrin çoxu bunu “hiyləgərlik” adlandırır, amma 22 %-i yenə də süni alətlərə

Sosial media lentləri sadəcə baxış yığmaq üçün hazırlanmış, süni, bir-birinə oxşayan materiallarla doludur. Bütün bunlar da dövrümüzün yeni simasını yaradır. Son zamanlarda ingilis dilində buna həsr olunmuş yeni ifadə də var; “AI slop”. Süni intellektlə hazırlanmış keyfiyyətsiz kontentlər bu cür adlanır və 2025-ci ildə “Merriam-Webster” lüğəti tərəfindən 2025-ci ilin sözü elan edilib.

Əgər insanlar mənasız məzmun yaradırsa və ya keyfiyyətsiz məhsul ilə faydalı olanın fərqini görə bilmirsə, bu, kənardan intellektual tənbəllik kimi görünür. İnsanlar araşdırmaq əvəzinə, hər şeyi süni intellektdən soruşur. Məsələn, “X” platformasında hər paylaşımın şərhlərində bunu görmək olar: “Grok, bu məlumat doğrudur?” Halbuki bir neçə dəqiqədə bunu araşdırıb daha çox məlumata yiyələnmək mümkündür.
Bəs tarix bu haqda nə deyir?
Keçmişə baxsaq, hər nəslin yeni texnologiya ilə bağlı panika dalğasından keçdiyini görərik:
  • çap maşını tənbəlləşdirir və müqəddəs bilikləri dəyişəcək;
  • kalkulyator varsa, uşaqlar saymağı öyrənməyəcək və riyaziyyatçıların işini əlindən alacaq;
  • fotoaparatlar rəssamlarını işini bitirəcək;
  • avtomatik mətn korreksiyası savadlılığı öldürəcək;
  • “Vikipediya” tələbələrdə etibarlılıq və düşünmə qabiliyyətini məhv edəcək;
  • GPS naviqatorlar orientasiya hissini öldürəcək və s.

Amma gördüyümüz kimi, bu texnologiyaların heç biri qeyd edilənlərə tamamilə nail olmayıb. Yeniliklər bacarıqları məhv etmir, sadəcə yenidən bölüşdürür və əvvəl olmayan bacarıqlar yaradır. Buna görə də müzakirəni “İnsanlar kütləşəcək?” yox, “Bu alətla daha az zəhmətə necə daha çox iş görmək olar?” sualı ətrafında aparmaq daha məntiqlidir.
Süni intellektin insan zəkasına təsiri barədə araşdırmalar nə deyir?
Wellesley Kolleci, MIT və Massaçusets İncəsənət və Dizayn Kollecindən alimlər 54 könüllüyə esse yazmağı tapşırır. Könüllülərin bir qrupu özü yazır, bəziləri "Google"dan istifadə edir, bəziləri isə süni intellekt alətlərindən kömək alırlar.

Təbii ki, üçüncü qrupun işi daha asan idi, amma yazılarda daha çox səhvə rast gəlmək olardı. Üstəlik, həmin qrup materialı daha pis mənimsəmişdi, yəni bir neçə dəqiqə əvvəl yazdıqları sitatları belə xatırlaya bilmirdilər.

Axtarış sistemindən istifadə edən qrupda isə bu effektin əksi müşahidə olundu. Onlar mənbələr seçir, oxuyur və məlumatı analiz edirdilər. Görünür, süni intellekt və axtarış sistemləri zehni yükə fərqli təsir edir.

İsveçrəli alim Mixail Gerlix də oxşar nəticəyə gəlib. Onun araşdırması göstərir ki, süni intellekt məhsuldarlığı artırsa da, faktları yoxlama vərdişini zəiflədir. İnsanlar süni intellektə güvəndikcə düşünməyə daha az cəhd göstərir. Bu, asılılıq və problemləri təkbaşına həll etmə bacarığının azalmasına gətirib çıxarır.

Eyni zamanda süni intellektin öyrənməyə kömək etdiyini göstərən araşdırmalar da var. Braziliyalı tədqiqatçılar sübut ediblər ki, süni intellekt alətləri yaradıcılığı, tənqidi düşüncəni, problem həllini və anlayışı inkişaf etdirə bilər… Amma yalnız müəllim və ya köməkçi rolunda olduğu zaman.

Üstəlik, dil modelləri yanlış biliklərə belə həddən artıq inam yarada bilir. Belə olduğu halda istifadəçi də özünü ekspert hesab etməyə başlayır və özünəinam artır. Psixologiya dili ilə desək, bunu Danninq-Krüger effekti adlandırmaq olar. 
Süni intellektdən necə istifadə edək ki, kütləşməyək?
  1. Məsləhətimiz odur ki, məsuliyyətli qərarları süni intellektə həvalə etməyəsən. O, variantları müqayisə edə, riskləri göstərə bilər, amma sənin yerinə düzgün qərarı verə bilməz.
  2. Süni intellektdən icraçı kimi yox, köməkçi kimi istifadə et. Əvvəl ideyanı özün qur, sonra qaralama və ya planla süni intellektə müraciət et.
  3. Nəticəni yox, həll yolunu soruş, yəni addım-addım izah etməyini, təxminləri və əks arqumentləri göstərməsini tələb et.
  4. Dediyimiz kimi, süni zəka alətləri özündən çox əmin danışır. Buna görə də vacib məlumatları həmişə etibarlı mənbələrdən yoxla.
  5. Onunla mübahisə et. Arqumentlərini əsaslandırmasını və alternativ yanaşmaları tapmasını istə.
Nəticə
Bu nəticəyə gəlmək olar ki, süni intellekt işi sənin yerinə görəndə öyrənmə səthi olur. “Kütləşməmək” üçün süni intellektlə partnyor ol, ondan köməkçi kimi istifadə et. Əks halda, həm tənqidi düşüncən zəifləyəcək, həm də hər tapşırıqda ona müraciət etmə asılılığın yaranacaq.
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!

Oxşar məqalələr