Aşağı maaşla pul yığmaq qəliz məsələ kimi görünə bilər, lakin bununla belə, diqqətli büdcə planlaşdırması və ağlabatan maliyyə qərarları ilə hətta məhdud gəlirlə də pul yığmaq olar. Bəli, bu gerçəkdir və sözügedən yazıda aşağı maaşla pula qənaət etmək üçün bəzi effektiv üsulları nəzərdən keçirəcəyik.
Büdcənin tərtibi və xərclərinin izlənməsi
Aşağı maaşla pula qənaət etmək üçün ilk addımlardan biri büdcənin yaradılmasıdır. Bunu etmək üçün, əvvəla bütün aylıq gəlir və xərclərinin siyahısını tərtib etməlisən. Bunlara kirayə və kommunal xidmətlər kateqoryalarına daxil olan sabit xərclər və qida, əyləncə məhsulları kateqoriyasına daxil olan dəyişkən xərclər aiddir. Beləki, şəxsi maliyyən haqda dəqiq anlayışın olduğu təqdirdə, xərcləri azaldıb pula qənaət edə biləcəyin sahələri müəyyənləşdirmək də asanlaşacaq. Bundan əlavə, bu vərdiş xərc çəkdikdə və ehtiyac duyulduğunda lazımi dəyişiklikləri etdikdə sənə daha da diqqətli olmağın üçün köməklik göstərəcəkdir. Yəni büdcə tərtib edərkən, məhz lazımi xərclərə üstünlük vermək lazımdır. Bu, gəlirinin düzgün tənzimlənməsi məsələsində mühüm rol oynayır. Hər bir kateqoriyaya görə xərclərin aydın şəkildə məhdudlaşdırılması isə pulun effektiv tənzimlənməsini təmin edir və artıq xərclərdən azad olmağa yardımcı olur.
Lazımsız xərclərin azaldılması
Pula qənaət etmək üçün təbii ki lazımsız xərcləri azaltmaq vacibdir. Bu əslində tamam ayrı bir müzakirə mövzusudur və bu haqda çox danışmaq olar. Lakin aşağı maaş fonunda sözügedən məsələ daha da aktuallaşır. Bunun üçün büdcəni diqqətlə araşdırıb, aradan qaldıra biləcəyin artıq xərcləri mütləq müəyyənləşdirməlisən.
Məsələn, vacib olmayan abunəlik xidmətlərindən çıxmaq və ya evdən kənarda yeməyin miqdarını azaltmaq; ya da gündəlik ehtiyaclar üçün daha ucuz alternativ tapmaq barədə düşünmək lazıdır. Ən çevik misal kimi — nahar yeməyini evdən gətirib, şəhərdə kofe və digər içkilərin istifadəsini azaltmaq realdır. Artıq bu iki addımı gerçəkləşdirdikdə, bunun ay sonunda büdcənə əhəmiyyətli dərəcədə təsirini müşahidə edəcəksən.
Lazımsız xərcləri azaltmağın başqa bir yolu da var. Bu, impulsiv alış-verişlərə diqqət yetirməkdir. Məsəlçün, hər-hansı bir alışdan əvvəl, özünə onun sənə həqiqətən lazım olub-olmamağı barədə bir sual ver. Beləliklə, impulsiv alış-verişlərdən qaçmaqla və büdcə qaydalarına riayət etməklə daha çox pula qənaət edə bilərsən.
Ekonom həyat tərzinə keç
Ekonom, minimalist yaşam tərzinə keçid — aşağı maaşla pul yığmağın əsasa amillərindən biridir. Yox, bunun “kasıb təfəkkürü” və ya “alış-verişdən qaçmaq” ilə heç bir əlaqəsi yoxdur. Burada əsas prinsip daha çox “ayağını yorğanına görə uzat” ifadəsinə söykənir. Beləki, minimalist yaşam tərzi üçün sən gərək istək və ehtiyacların arasındakı fərqi dəqiqləşdirəsən. Əlavə olaraq, gündəlik həyatda pula qənaətin yollarını axtarmalısan. Misal üçün bura endirim və satış kampanyalarından yararlanmaq, (prinsipial deyilsə) ikinci əl (outlet) əşyalardan istifadə etmək və ya endirim kuponları axtarmağı daxil etmək olar.
Əlavə gəlir və borclar
Xərcləri azaltmaqla yanaşı, aşağı maaşla gəliri maksimuma çatdırmağın yollarını da tapmaq vacibdir. Xüsusilə, əlavə gəlir əldə etmək üçün qırağda başqa işlə məşğul olmağı və ya sərbəst işləməyi (frilans) düşün. Bu “strategiya”, pula qənaət etmək üçün istifadə edilə biləcək əlavə vəsaitin əldə edilməsinə imkan verəcəkdir. Həmçinin, mərhələli şəkildə yüksək maaşlı iş axtararaq karyeranın inkişaf imkanlarını da nəzərdən keçir.
Əgər borcların və ya kreditlərin varsa, əlavə maliyyə xərclərinin qarşısını almaq üçün onları da effektiv idarə etmək vacibdir. Bunun üçün, borclarını ödəmək üçün bir plan hazırla və prioritetlərini düzgün təyin et. Mümkünsə, yeni kreditlərdən qaç (məsəlçün təzə çıxan iPhone modellərini almaq üçün yüksək kreditin altına girmə) və şəxsi büdcə tərtibi prinsiplərinə sadiq qal. Beləliklə, gəlir artırmağın əsas məqamı daha çox maliyyə çevikliyinə sahib olmandır.
Məqsəd və motivasiyanın qoyulmasının əhəmiyyəti
Maliyyə məqsədlərini təyin etmək və daimi motivasiyasənə aşağı maaşla pula qənaət yolunda kömək edən amillərdəndir.
İlk öncə məqsədlərini yaz və onları kiçikdən böyüyə, əldə edilə bilən və əldə edilməsi çətin olan addımlara bol. Pula nə üçün qənaət etmək istədiyini özünə daim xatırlat və səylərində israrlı ol. Unutma ki, pula qənaət etmək üçün atdığını hər addım səni maliyyə sabitliyinə və maliyyə azadlığına aparır.
Həmçinin gələcəkdə maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün özünə sərmayə yatırmaq da vacibdir. Bacarıqlarını inkişaf etdirib, qazanc potensialını artırmaq üçün öyrənməyə və təkmilləşməyə daim can at.
Maliyyə biliklərini genişləndirmək və vəsaiti daha effektiv idarə etməyi öyrənmək üçün onlayn kurslar, kitablar və vebinarlar kimi resurslardan istifadə et. Odur ki, bunu sonraya qoyma, elə bu gün pula qənaət etməyə, maliyyəni ağıllı şəkildə idarə etməyə başla!
Nəticə
Yekun olaraq qeyd edək ki, az maaşla pula qənaət etmək mümkünsüz iş deyil. Büdcə yaratmaq, lazımsız xərcləri azaltmaq, qənaətcil həyat tərzini mənimsəmək və şəxsi keyfiyyətlərini maksimuma çatdırmaq sənə maliyyənə nəzarət etməyə və qənaətli olmağa imkan verəcək. Unutma ki, hər kiçik addım önəmlidir və yalnız əzmkarlıq və nizam-intizamla sən maliyyə sabitliyinə nail ola bilərsən.
Beləliklə, artıq sabah bu məqalədə deyilənləri həyata keçirməyə başlasan, əmanətləriniin artmasına şahid olacaqsan!