Alihuseyn
Müəllif
18.01.2024

İnflyasiya nədir və həyatımıza necə təsir edir?

Qiymət artımının səbəbini heç düşünmüsən? Bəs "inflyasiya" barədə necə? Bu iki amilin bir-biriləri ilə əlaqədar olduğunu bilirsənmi? Cavabın “xeyr”-dirsə yaxın əyləş. Çünki bu yazıda biz inflyasiyanın nə olduğunu, qiymətlərə necə təsir etdiyini, niyə baş verdiyini və necə azaldıla biləcəyindən söhbət edəcəyik. Getdik!
İnflyasiyanın mənası
İnflyasiya mal və xidmət qiymətlərinin artmasıdır. Bu o deməkdir ki, daha əvvəl eyni məbləğlə etdiyin alış-verişin miqdarını indi daha az gerçəkləşdirirsən. Məsələn, əgər keçmişdə 1 kiloqram kartofu 0,85 qəpiyə alırdınsa, indi eyni məbləğə yalnız 800 qram kartof ala bilirsən. İnflyasiya bu deməkdir.

İnflyasiya kiçik olduqda, o qədər də nəzərə çarpmır. Lakin yüksələndə insanların cüzdanına ağır zərbə vurur. Yəni inflyasiya mal və xidmətlərin ümumi qiymət səviyyəsində davamlı artıması deməkdir.
İnflyasiyaya nə səbəb olur?
İnflyasiyaya müxtəlif amillər səbəb ola bilər, o cümlədən:

- Pul təklifinin artması. İqtisadiyyatda çox pul varsa, mal və xidmətlərə tələb təklifi üstələyəcək və nəticədə bu, qiymətlərin artmasına səbəb olacaq.
- İstehsal xərclərinin artması. Xammal, əmək və ya digər mənbələrin dəyəri artarsa, istehsalçılar bu xərcləri ödəmək üçün mal və xidmətlərinin qiymətlərini artırmaq məcburiyyətində qalacaqlar.
- Tələb və təklifdəki dəyişikliklər. Hər hansı bir məhsula və ya xidmətə tələb artdığı təqdirdə təklif dəyişməz qalarsa bu, məhsul və ya xidmət qiymətinin artmasına səbəb olacaq.
İnflyasiyanın iqtisadiyyata təsiri
İnflyasiya iqtisadiyyat üçün həm müsbət, həm də mənfi ola bilər.

İnflyasiyanın müsbət təsirləri:

- İqtisadi artımın stimullaşdırılması. İnflyasiya iqtisadi böyüməyə təkan verə bilər, çünki o, şirkətləri öz mənfəətlərini artırmaq üçün yeni texnologiyalara və istehsallara investisiya qoymağa məcbur edir.
- Əhalinin ödəmə qabiliyyətinin yaxşılaşdırılması. İnflyasiya əmək haqqından daha sürətli artırsa, insanlar xərcləmək üçün daha çox pul qazanırlar.

İnflyasiyanın mənfi təsirləri:

- Pulun dəyərdən düşməsi. İnflyasiya pulun dəyərdən düşməsinə səbəb olur. Yəni eyni məbləğdə daha az mal və xidmət alırsan.
- Bərabərsizliyin artması. İnflyasiya bərabərsizliyin artmasına səbəb ola bilər, çünki varlı insanlar əmanətlərini yoxsullara nisbətən dəyərdən düşməkdən daha asan qoruya bilirlər.
- Yaşayış xərclərinin artması. İnflyasiya yaşayış xərclərinin artmasına səbəb olur ki, bu da insanların qida, mənzil və nəqliyyat kimi zəruri xərclərinin ödənməsini çətinləşdirir.
İnflyasiya növləri
İnflyasiya müxtəlif meyarlara görə təsnif edilə bilər.

1) Böyümə sürətinə görə:
- Sürünən inflyasiya. Qiymətlərin ildə 10%-dən az artması.
- Çaparaq inflyasiya. İldə 10%-dən 50%-ə qədər qiymət artımı.
- Hiperinflyasiya. Qiymətlərin ayda 50%-dən artımıdır.

2) Yaranma səbəblərinə görə:
- Monetar inflyasiya pul təklifinin artması nəticəsində yaranan inflyasiyadır.
- Qeyri-monetar inflyasiya istehsalat xərclərinin artması və ya tələb-təklifdəki dəyişikliklər kimi digər amillərin yaratdığı inflyasiyadır.

3) Coğrafi xüsusiyyətə görə:
- Yerli inflyasiya yalnız müəyyən bir ərazini əhatə edən inflyasiyadır.
- Milli inflyasiya bütün ölkəyə təsir edən inflyasiyadır.
- Qlobal inflyasiya bütün dünyaya təsir edən inflyasiyadır.
İnflyasiya ilə necə mübarizə aparmaq olar?
İnflyasiya ilə mübarizə üçün bir sıra tədbirlər görülə bilər. Bunlara daxildir:

- Faiz dərəcələrinin artması. Mərkəzi bank kredit götürməyi bahalaşdırmaq üçün faiz dərəcələrini artıra bilər ki, bu da mal və xidmətlərə tələbi azalda bilər.
- Pul təklifinin azaldılması. Mərkəzi Bank qiymət artımının qarşısını almaq üçün pul təklifini azalda bilər.
- Mal və xidmət təklifinin artırılması. Hökumət tələb və qiymət artımını azaltmaq üçün mal və xidmət təklifini artırmaq üçün tədbirlər görə bilər.

Beləliklə inflyasiya iqtisadiyyat və cəmiyyət üçün həm müsbət, həm də mənfi nəticələrə səbəb ola biləcək mürəkkəb iqtisadi fenomendir.

Bu yazını oxuduğunuz üçün təşəkkürlər! Gələn məqalələrdə görüşənədək...
Oxşar məqalələr