İndi qadınlar yalnız cəmiyyətdə deyil, həmçinin maliyyənin idarə edilməsində də vacib rol oynayırlar. “Qadınlar və pul” mövzusu getdikcə aktuallaşır, çünki söhbət yalnız rəqəmlərdən deyil, həm də biz qadınların öz maliyyə vəsaitlərimizi uğurlu şəkildə idarə etməyi öyrənməyimizdən gedir. Bu gün sənə maliyyə məsələlərini daha asanlıqla həll etməkdə kömək edəcək və inamlı maliyyə gələcəyinin əsasını qoyacaq yeddi sadə məsləhət verəcəyik.
1. Özünə yatırım et və bacarıqlarından istifadə edərək əlavə gəlir qazan
Əlavə iş hələ heç kimə mane olmayıb. Əksinə, əlavə gəlir mənbəyin varsa, əsas işini itirsən belə maliyyə cəhətdən özünü sığortalamış olursan. Sənin güclü tərəflərin hansılardır? Hansı bacarıqlarından istifadə edərək pul qazana bilərsən? Bəlkə tikməyi, toxumağı, naxış işləməyi sevirsən? Və ya yaxınların üçün gözəl açıqçalar hazırlayırsan? Hobbini gəlir mənbəyinə çevirməyə çalış. Əl işləri ilə məşğul olan insanların istifadə etdiyi sosial şəbəkələr və ya saytlar vasitəsilə işlərini sata bilərsən.
2. Alternativ investisiya mənbələri o qədər də qorxulu deyil
Adətən qadınlar daha az risk etməyə meyilli olurlar, buna görə də pul vasəitlərini əsasən bank depozitlərində saxlayırlar. Amma risk dərəcəsi o qədər də yüksək olmayan digər seçimlər də var. Məsələn, etibarlı idarəetmə sistemi ilə işləyən fərdi investisiya hesabları ilə maraqlana bilərsən.
3. Gözlənilməz hadisələrə hazır ol
Həyatda müxtəlif vəziyyətlərlə üzləşə bilərik, və çətin dövrlərdə işlərin yola düşdüyünə qədər ayaq üstə qalmaq üçün əlimizdə pulun olmağı çox vacibdir. Mütəxəssislər maaşınızın altı qatı məbləğındə “təhlükəsizlik yastığını” yaratmağı məsləhət görürlər. Qənaət edərək bu məbləği yığdıqdan sonra pulunu daha sərbəst xərcləməyə başlaya bilərsən.
4. Almadan öncə şəklini çək
Söhbət bəyəndiyin əl çantasının şəklini çəkib sosial şəbəkələrdə paylaşmaqdan deyil, spontan alış-veriş etməyin qarşısını almaqdan gedir. Özünə düşünmək üçün vaxt ver: bir müddət sonra şəkilə baxdığında yenə də həmin əşyanı almaq istəsən, o zaman onu ala bilərsən.
5. Xərclərinə nəzarət et
Qadının mağazaya çörək adıyla gedib bir paket ərzaqla qayıda biləcəyi haqqında lətifə yəgin ki, heç vaxt aktuallığını itirməyəcək. Bu təbiətin bir qanunudur: evdar xanımlar yalnız özləri üçün deyil, digər ailə üzvləri üçün, ev üçün də alış-veriş edirlər. Eyni zamanda, çox vaxt xanımların evdə hansısa ərzaqın bitdiyi yalnız marketə gəldikdən sonra yadlarına düşür. Bu səbəbdən də artıq xərclərdən qaçmaq üçün marketə getmədən siyahı tutmaq yaxşı fikirdir.
6. Kredit kartlarından düzgün istifadə et
Kredit kartından istifadə etməyi düşünürsənsə, əvvəlcə pulu nəyə xərclədiyini başa düşmək üçün ən azından bir neçə aylıq xərclərini hesabla. Gəlirinin hansı hissəsini məcburi xərclərə sərf edirsən? Tez bir şəkildə qarşılaya biləcəyin kredit məbləğinin limiti gəlirinin yerdə qalan hissəsinə bərabərdir. Krediti güzəşt müddəti ərzində ödəməyə çalış ki, banka əlavə faiz ödəməli olmayasan. Kredit kartından istifadə etməyi vərdiş halına çevirmə. Ondansa, birinci məsləhətimizdən yararlan.
7. Ailəni böyütməyi planlaşdırırsansa, bunun maddi tərəfini də düşün
Analıq məzuniyyəti zamanı gəlir azalır. Buna görə də, analıq məzuniyyəti zamanı öyrəşdiyin həyat tərzini özünə təmin etmək üçün əvvəlcədən hazırlaşmaq lazımdır. Analıq məzuniyyətində rahat olmağın üçün nə qədər pula ehtiyacının olacağını müəyyən et və bu məbləği qənaət edərək yığ, əlavə gəlir mənbəyi taparaq qazan, və ya həyat yoldaşınla hər ay sənə ayırmağa hazır olduğu müəyyən bir məbləği müzakirə et.