Zabeta
Müəllif
23.04.2024

Pulla dostlaşmağı öyrədən 5 film

Əgər düşünürsən ki, kinoya baxaraq maliyyə idarə etməni öyrənmək olmaz, onda bu məqalə tam sənlikdir! Hətda evdə tək-tənhasansa, seçdiyimiz filmləri izləyərək vaxtını səmərəli keçirə bilərsən: bu filmlər sənə maliyyə səhvlərinin qarşısını almağı, biznes qurmağı və uğur qazandıqdan sonra başını itirməməyi öyrədəcək.
“Xoşbəxtlik axtarışında” (2006) - The Pursuit of Happyness
Hekayə nədən bəhs edir?

Kris bütün günü klinikadan klinikaya gəzərək pulunu yatırdığı avadanlığı satmağa çalışır. Lakin onun satdığı məhsula tələbat yoxdur, və bütün qazandığı pul mənzilin icarəsi, oğlunun getdiyi uşaq bağçası və avtomobilin cərimələrinə gedir.
Maddi vəziyyətini yaxşılaşdırmaq üçün Kris birja brokerliyi ilə məşğul olmağa qərar verir. O, böyük bir şirkətə 6 ay müddətinə təcrübəçi olaraq düzəlir. İş ödənişsizdir, 6 ayın sonunda isə 20 namizəddən yalnız birinə iş təklif olunacaq. Balaca uşaqla küçədə pulsuz-parasız yaşayan biri üçün mübahisəli bir qərardır.

Filmə niyə baxmağa dəyər?

Bu film uğurlu broker şirkətinin sahibi Kris Qardnerin bioqrafiyası əsasında çəkilmişdi. Krisin hekayəsi peşəni dəyişmək qərarını verməyə sənə kömək edəcək və çətin anlarda səni motivasiya edəcək.
“Endirim üçün böyük oyun” (2015) - The Big Short
Hekayə nədən bəhs edir?

Bir neçə investisiya fondunun analitikləri ipoteka “köpüyünün” necə şişdiyinə digərlərindən tez fikir verdilər. İnsanlar kredit şərtlərinin detallarına varmadan daşınmaz əmlak alırdılar. Banklar fərq qoymadan hər kəsə kredit verirdi və istiqrazlar buraxıb borc alanların pulundan istifadə edərək həmin istiqrazlar üzrə ödəniş edirdilər. İnvestorlar bu gəliri yüksək olan qiymətli kağızlara investisiya yatırırdılar.
Lakin nəticədə ipoteka götürənlərin çoxu borcun öhdəsindən gələ bilməyəcək. Gec və ya tez onlar artıq ödəniş edə bilməyəcək, və ipoteka ilə alınmış evlər kütləvi şəkildə banklara verilməyə başlayacaq. Kreditorlar bu əmlakları satmağa başlayanda isə, təklifin artması evlərin qiymətlərini aşağı salacaq. Banklar zərər çəkəcək və istiqrazlar üzrə ödənişləri dayandıracaqlar. Minlərlə investor və bütün fond bazarı zərər görəcək.

Filmə niyə baxmağa dəyər?

Bu qara komediya elementli dram real hadisələr əsasında çəkilmişdi. Filmdə 2008-ci ildə ABŞ-da başlayan və bütün dünyanı bürüyən iqtisadi böhranın səbəbləri çox aydın şəkildə izah edilir. Film qəhrəmanlarının hekayələrini izləyərək investisiyaların niyə hər zaman risklə bağlı olduğunu və tələsik hərəkət etdikdə hər şeyi itirə biləcəyini başa düşəcəksən.
“Cənnətə yaxın” (2023) - Paradise
Hekayə nədən bəhs edir?

Maks yeni cavanlaşma texnologiyası hazırlamış şirkətdə ilin işçisidir. Bu texnologiya digər insandan bir neçə ilini almaqla cavanlaşmağa imkan yaradır.
Maks ömürlərinin bir hissəsini böyük məbləğ qarşısında satmağa hazır olan insanları tapır. O, həmin “donorlara” həyatlarını yaxşıya doğru dəyişmək şansı verdiyinə inanır. Lakin bir gün Maksın həyat yoldaşı kredit borcunu bağlamaq üçün həyatının 40 ilini satmalı olur.
Filmə niyə baxmağa dəyər?

Gərgin süjetli bu elmi-fantastik triller borc götürməzdən əvvəl risklərin qiymətləndirilməsinin nə qədər vacib olduğunu dərk etməyə kömək edir.
“Coy” (2015) - Joy
Hekayə nədən bəhs edir?

Coy kəşflər etməyi sevir və bir gün qeyri-adi bir ixtira etməyi xəyal edir. Lakin onun həyatı iş, təmizlik və ailə büdcəsindəki boşluqları doldurmaqdan ibarətdir.
Bir gün onun ağlına əla bir ideya gəlir – yeni lif süpürgə modeli. Bu ixtira Coy kimi minlərlə qadın üçün faydalı ola bilər. Lakin istehsala başlamaq, satışı qurmaq və rəqiblərini məğlub etmək üçün o, döyüşçü keyfiyyətlərini nümayiş etməli və əlində olan hər şeyi riskə atmalı olacaq.

Filmə niyə baxmağa dəyər?

Coy Manqanodan öyrənə biləcəyimiz təkcə mətanət və özünə inam deyil, həm də sahibkarlıq düşüncəsidir. Sənin də bir biznes ideyan varsa, bəlkə, onu həyata keçirməyin zamanı gəldi? Ancaq əvvəlcə detallı plan qurmağı unutma.
“Şopoqolik” (2009) - Confessions of a Shopaholic
Hekayə nədən bəhs edir?

Şopinqə qarşı sevgidən bəhs edən komediya melodramıdır. Rebekka uşaqlıqdan moda haqqında məqalələr yazmağı xəyal edir, lakin hal-hazırda yalınız “Uğurlu qənaət” jurnalında işə düzələ bilib. Kreditlər haqqında yazdığı ilk məqalə sensasiyaya çevrilir. Məqalənin mətnindən bütün dünyada sitatlar gətirilir.
Amma heç kim bilmir ki, Rebekkanın hekayəsi bir trillerdir. O, mağaza vitrinin yanından bir şey almadan keçə bilməyən bir şopoqolikdir. Çox vaxt pulu çatmayan əşyalar üçün kredit kartları ilə ödəniş edir. Borcları artır, kollektordan gizlənmək isə getdikcə çətinləşir.

Filmə niyə baxmağa dəyər?

Parlaq vitrinlər və “sərfəli təkliflər” çox vaxt insanları artıq xərclərə vadar edir. Lakin Rebekkanın hekayəsi göstərir ki, ən çətin vəziyyətlərdə belə özünü ələ alıb maddi vəziyyətini qaydaya salmaq mümkündür.
Oxşar məqalələr