Zabeta
Müəllif
07.06.2024

Kiçik əllər, böyük planlar: uşaqlar üçün maliyyə savadlılığı

Maliyyə savadlılığı maliyyə vəsaitləri ilə effektiv şəkildə idarə etmək imkanlarını yaradan bilik və bacarıqlardır. Buraya büdcəni planlaşdırmaq, plana riayət etmək, pul yığmaq, investisiya etmək və maliyyə məsullarını və xidmətlərini məlumatlı şəkildə seçmək və istifadə etmək daxildir. Maliyyə savadlılığı aşağıdakı səbəblərə görə zəruridir:

  • şəxsi maliyyənin idarə edilməsi – maliyyə savadlılığı gəlir və xərcləri idarə etməyə, büdcəni planlaşdırmağa və gələcək üçün pul yığmağa imkan verir.
  • maliyyə ilə bağlı qərarları məlumatlı olaraq vermək – iqtisadiyyatın əsasları ilə tanışlıq böyük alış-verişlər, investisiyalar, kreditlər və digər maliyyə əməliyyatları haqqında düşünülmüş qərarlar verməyə imkan verir.
  • dələduzluqdan qorunma — qanuni maliyyə təkliflərini dələduzluq sxemlərindən ayırmağa kömək edir ki, beləliklə də pul və şəxsi məlumatların itirilməsindən səni qoruyur;
  • investisiyaların edilməsi – investisiyalardan gəlir əldə etməyə və güclü maliyyə gələcəyi qurmağa imkan verir;
  • həyat keyfiyyətinin yaxşılaşdırılması – maliyyə haqqında stresi azaldır, özünüz və ailəniz üçün stabillik və təhlükəsizlik təmin edir;
  • gələcəyə hazırlıq – maliyyə savadlılığı olan insanlar maliyyə çətinliklərinin öhdəsindən daha asanlıqla gəlir və şəxsi və peşəkar həyatlarında uğur qazanmaq üçün lazım olan bacarıqlara malik olur.

Maliyyə savadlılığı sənə əsaslandırılmış maliyyə qərarları qəbul etməyə, maliyyə sabitliyinə nail olmağa və maliyyə vəsaitlərini uğurlu idarə etməyə imkan verir. Uşaqları erkən yaşlarından maliyyə savadlılığı üzrə bilik və bacarıqlarla tanış etsək, onlar gələcəkdə bir çox maliyyə çətinliklərinin qarşısını ala biləcəklər.
Uşaqlara maliyyə savadlılığı necə öyrədilməli
Riyaziyyat, ədəbiyyat və fizikanı öyrənməyin faydalarını hamımız bilirik. Bəs maliyyə savadlılığı necə? Təəssüf ki, maliyyə savadlılığı yetkinlik həyatının ən mühüm hissəsi olsa da, çox vaxt kölgədə qalır və zərurətini çox gec, bəzən ciddi səhvlər bahasına başa düşürük. Amma biz uşaqlarımızın akademik təhsili ilə maraqlandığımız kimi, maliyyə səriştələrinin formalaşmasına da diqqət yetirməliyik.

Uşaqlara maliyyə savadlılığını onların yaş qrupunu nəzərə alaraq öyrədə bilərik.
Məktəbəqədər yaş (3-6 yaş)
Bu yaşda uşaqlar pulun havadan yaranmadığını başa düşməlidir - onu qazanmaq üçün valideynlərinin işə getməli olduqlarını bilməlidir. O, pulun sonsuz olmadığını və bu səbəbdən də onun ağıllı şəkildə idarə olunmasının vacib olduğunu dərk etməlidir. Bunun üçün nə etmək olar:

  • pulla, oyuncaq kassa və ya oyuncaq mağaza ilə oyunlardan istifadə edin;
  • müxtəlif əsginasları göstərin, onların adlarını və nominallarını öyrədin;
  • pul daxılı hədiyyə edin ki, pul yığmağa başlasın və qənaət etməyin nə olduğunu başa düşsün.
Kiçik məktəb yaşı (7-10 yaş)
Bu yaşa çatdıqda uşaq alış-veriş etməyi, qaytarılan pulu saymağı, plastik kartlardan istifadə etməyi öyrənməlidir. O, artıq başa düşməlidir ki, bahalı bir əşya almaq və ya pul yığmaq üçün pula qənaət etmək lazımdır.

Uşağa necə kömək edə bilərik:

  • az məbləğdə cib xərci verməyə başlayın ki, o, xərclərini idarə etməyi öyrənsin;
  • büdcə anlayışı ilə tanış edin və ona sadə xərclər planını tərtib etməkdə kömək edin;
  • xüsusi bir əşya üçün pul yığmağa təşviq edin ki, uzunmüddətli planlaşdırmanın dəyərini başa düşsün;
  • uşaqlar üçün nəzərdə tutulmuş maliyyə savadlılığına dair kitablar oxuyun.
Orta məktəb yaşı (11-14 yaş)
Bu yaşda uşaq artıq daha mürəkkəb maliyyə anlayışlarını başa düşə və gündəlik həyatında istifadə edə bilir. O, artıq ilk pulunu qazana bilər. Bu yaşda yeniyetmələr müxtəlif maliyyə məhsulları ilə tanış olurlar, bəziləri isə sahibkarlığa maraq göstərirlər. Valideynlər bu prosesdə necə iştirak edə bilər:

  • uşağınızı bank hesablarının, debet kartlarının funksiyası və əmanətlər üzrə faiz anlayışı ilə tanış edin;
  • uşağınıza maliyyə məqsədlərini təyin etmək və onlara nail olmaq üçün plan hazırlamağa kömək edin;
  • uğur hekayələrindən istifadə edərək investisiyanın sadə prinsiplərini izah edin;
  • uşağınıza bank kartı açın;
  • uşağınızın telefonuna gəlir və xərclərə nəzarət etməyə, büdcəni planlaşdırmağa kömək edəcək xüsusi proqramlar yükləyin.
Orta məktəb yaşı (15-18 yaş)
Bu dövr yetkinlik dövründən öncəki dövrdir. Uşaq böyüklərin dünyasına daxil olmağa və gələcək sərbəst həyata hazırlaşmağa başlayır. O, mürəkkəb maliyyə anlayışlarını öyrənməyə başlaya bilər: investisiya, vergilər, sığorta və pensiya planlaması. Yeniyetmələr təhlil və risklərin qiymətləndirilməsi tələb edən mürəkkəb maliyyə qərarları qəbul etməyi öyrənirlər. Valideynlər bu dövrdə nə edə bilər:

  • yeniyetmənin təhsil, əyləncə və şəxsi ehtiyaclarını nəzərə alaraq, ona detallı büdcə tərtib etməkdə kömək edin;
  • kreditlər və borclar anlayışını, maliyyə öhdəliklərinə məsuliyyətlə yanaşmağın vacibliyini izah edin;
  • düzgün pul yığma üsulunu seçməyə kömək edin və müxtəlif investisiya imkanları haqqında məlumat verin;
  • maliyyə mövzusunda daha ciddi kitabların oxumasını təklif edin.

Unutmayın ki, maliyyə savadlılığının öyrədilməsi tədricən və uşağın yaşına uyğun olaraq həyata keçirilməlidir. Uşağınızın marağını maksimum dərəcədə cəlb etmək və onun gələcəkdə maddi cəhətdən məsuliyyətli və özgünvənli olmasına kömək etmək üçün praktiki nümunələr əsasında və real həyatdan misallar gətirərək öyrətməyə çalışın.
Oxşar məqalələr