Zabeta
Müəllif
23.11.2023

Universitet illərində maliyyə biliyi: Maliyyə azadlığına doğru əsas addımlar

Şəxsi maliyyənin idarə edilməsi həyatımızın ən çətin məsələlərindən biridir. Nə qədər tez maliyyə vəsaitlərini idarə etməyə öyrənsən, o qədər tez gələcəkdə düzgün maliyyə qərarlarını verməyi öyrənəcəksən.
Universitetdə oxuduğun müddət ərzində niyə maliyyə vəsaitlərini idarə etməyi bacarmalısan?
Orta məktəbdən universitetə keçən bir tələbə olaraq sən daha sərbəst olursan. Bəzi gənclər universitetdə oxumaq üçün digər şəhərə və ya ölkəyə belə köçürlər. Bu, tələbə üçün maliyyə qərarlarını vermək və pulunu idarə etmək imkanı baxımından əla bir fürsətdir.

Beləliklə, tələbələr üçün universitet, pulun idarə edilməsi bacarığını inkişaf etdirilməsinin ilkin mərhələsində çox böyük əhəmiyyət kəsb edir. Bu vərdişlər sənə düzgün maliyyə seçimləri etməkdə və möhkəm maliyyə bazası yaratmaqda kömək edəcək. Bundan əlavə, universitet vaxtı əldə edilmiş maliyyə bacarıqları universiteti bitirdikdən sonra da sənə gəlirlər, xərclər, yığdığın pul və investisiyaların səmərəli idarə edilməsində köməklik edəcək. Pulunu səmərəli şəkildə idarə etməyə başlamağın və universitet həyatının ən çətin dövrlərindən manesiz keçməyin üçün şəxsi maliyyə haqqında faydalı tövsiyyələri sənin üçün bir yerə toplamışıq.
Köçdüyün zaman qənaətli davran
Təbii ki, mağazaları gəzib sənə lazım olan bütün əşyaları almaq çox əyləncəlidir. Amma əvvəldən sənə tam olaraq nəyin lazım olduğunu bilməsən, boş yerə küllü miqdarda pul xərcləyə bilərsən. Əvvəl sənin üçün doğrudan da zəruri olan əşyaları alıb, sonra isə ehtiyac yarandıqca digər əşyaları da əldə etmək daha məqsədəuyğundur. Bundan əlavə, hər bir əşyanı mağazadan əldə etmək mütləq deyil. Məsələn, işlənmiş dərsliklərdən istifadə edə bilərsiniz ki, onları zatən kurs bitdikdə təhvil verəcəksən.
Pulu səmərəli şəkildə yığ
Gənclərin çoxu, xüsusilə də valideynlərindən uzaqda yaşayan gənclər, tez-tez bir ifratdan digərinə qaçır. Gah pulları çox olur, gah da hər şeyə qənaət etməli olurlar. Dərsdən kənar vaxtda özünə bir iş tapmağı planlaşdırırsansa, o işdə qazandığın puldan istifadə edərək gözlənilməz vəziyyətlər üçün pul yığmağı da düşün. Çətin vəziyyətə düşüb dost-tanışa ağız açmaqdansa, əlavə xərclərdən kəsib pul yığmaq daha yaxşıdır.
Kredit götürməməyə çalış
Gənclər kredit tələsinə düşdükləri üçün bir çox problemlərlə üzləşirlər. Təcrübəsiz bir gənc faizsiz kredit, kredit kartları və s. kimi bankların reklam tələlərinə düşür. Gənc küllü miqdarda kredit götürür və sonra da onları ödəmək məcburiyyətində qalır. O, təkcə kredit məbləğini deyil, həm də götürülmüş kredit məbləğinin yarısına gəlib çatan əlavə rüsum, cərimə və gizli komissiyanı da ödəməli olur. Belə vəziyyətə düşməkdənsə, imkanların daxilində yaşamaq daha yaxşı olmazmı?
İmkanların daxilində yaşa
Universitetlərdə cəmiyyətin müxtəlif təbəqələrindən olan və müxtəlif maddi imkanları olan insanlar təhsil alır. Çevrəndə da hər bir təbəqəyə aid insanlar ola bilər. Təbii ki, imkanı daha aşağı olan tələbələr daha imkanlı tələbələrdən geri qalmamağa çalışırlar. Amma onu da nəzərə al ki, varlı tələbə yoldaşının xərclərini onun valideynləri qarşılayır. Bəs sənin valideynlərin bunu edə biləcəkmi? Bu sualı özünə ver.
Şəxsi məlumatlarını qoru
Heç vaxt şəxsi məlumatlarını tanımadığın və ya yaxşı tanımadığın insanlarla bölüşmə. Yaxın dostun belə şəxsiyyət vəsiqən və ya kompüterinin, telefonunun parolunu bilməli deyil. Təqaüd kartını və ya digər bank kartını başqa insanlara vermə. Qiymətli əşyalarını sənə yaxın bir yerdə saxla, çünki otaq yoldaşların düşündüyün qədər vicdanlı olmaya bilər. Təəssüf ki, tələbə yataqxanalarında oğurluq halları tez-tez baş verir, və oğrunu hər zaman tapmaq mümkün olmur.
Büdcəni planlaşdır
Xərclərin planlaşdırılması kifayət qədər sıxıcı, amma eyni zamanda da zəruri bir prosesdir. Təxmini maliyyə sərhədlərini təyin edərək sən, aylıq olaraq hansı məbləğə ehtyacın olduğunu başa düşəcəksən. Ola bisin ki, sənin təqaüdün və valideynlərinin göndərdiyi pul bütün maliyyə ehtiyaclarını qarşılamasın. O zaman dərsdən kənar vaxtda işləməyinə ehtiyac yarana bilər. İlk növbədə yaşayış, qidalanma və ictimai nəqliyyatda gediş xərcləri qarşılanmalıdır. Təbii ki, ən son nəzərə alacağın ehtiyaclar əyləncə xərcləridir.
Universitetin ucuz və ödənişsiz şəkildə təqdim etdiyi bütün imkanlar haqqında məlumat əldə et.
Böyük təhsil müəssisələri hər zaman büdcələrinin müəyyən hissəsini belə imkanların yaradılmasına ayırır. Buraya hovuz, ödənişsiz idman dərsləri, kitabxana, yüksək akademik göstəriciləri olan tələbələr üçün əlavə güzəştlər və ya təqaüd daxil ola bilər. Müxtəlif seçimlər təqdim oluna bilər. Nəyəsə pul xərcləməkdən öncə ödənişsiz alternativ yolun olub-olmadığını araşdır. Çalış ki, bu imkanlardan maksimum dərəcədə faydalanasan.
Gördüyün kimi yuxarıdakı qaydalara riayət etmək kifayət qədər asandır. Bunun nəticəsini də tez bir zamanda görəcəksən. Maliyyə vəsaitlərini səmərəli idarə etməyiniz və ehtiyat tədbirlərini görməyiniz əlinizdə əlavə pul vəsaitlərinin qalmağına səbəb olacaq.

Oxşar məqalələr