Son dövrlərdə süni intellekt texnologiyalarında əhəmiyyətli yeniliklər baş verir. Texnologiya gündəlik həyatımızı asanlaşdırmaq və daha səmərəli həllər təqdim etmək məqsədilə davamlı inkişaf edir. Bu sahənin ən tanınmış simalarından biri, şübhəsiz, OpenAI tərəfindən hazırlanmış ChatGPT-dir. Çin şirkətinin təqdim etdiyi DeepSeek süni intellektinin R1 modeli bir çox texniki sınaqda ChatGPT və digər Amerika şirkətlərinə məxsus süni intellekt modellerini geridə qoyub. Maraqlı tərəfi orasındadır ki, OpenAI-nin milyardlarla dollar xərclədiyi ChatGPT-dən fərqli olaraq, DeepSeek-in son modelinə cəmi 6 milyon dollar kimi, belə sahələrdə gülməli deyə biləcəyimiz məbləğ xərclənib.
DeepSeek nədir?
DeepSeek, açıq mənbəli, insan düşüncəsini təqlid edən qabiliyyətə sahib və tam olaraq pulsuz təklif olunan süni intellekt modelidir. Xüsusilə məntiq və riyaziyyat sahələrində yüksək performansı ilə seçilir. DeepSeek-in digər modellərdən fərqi sadəcə quru cavab vermək deyil, bu cavaba necə gəldiyini də izah etməsidir. Bu, istifadəçilərə yalnız nəticəni deyil, eyni zamanda necə və niyə həmin nəticəyə gəldiklərini başa düşmək imkanı verir. Bu yanaşma, xüsusən əldə etdikləri məlumatı başa düşmək istəyənlər üçün əhəmiyyətli bir üstünlükdür. Açıq mənbəli olduğu üçün lokal olaraq kompüterinə qoşub, öz modellərini inkişaf etdirə də bilərsən.
ChatGPT ilə DeepSeek arasındakı fərqlər:
1. Qiymət siyasəti ChatGPT, istifadəçilərinə ödənişli abunə variantları təqdim edir lakin, DeepSeek-in istifadəsi tamamilə ödənişsizdir Bu, özəlliklə büdcəsi məhdud olan startaplar, şəxslər və kiçik bizneslər üçün əla xəbərdir.
2. Şəffaflıq DeepSeek-in cavab prosesi, onun ən mühüm üstünlüklərindən biridir. O, təkcə nəticəni təqdim etməklə kifayətlənmir, həmçinin, cavabın necə formalaşdığını addım-addım izah edir. Bu, təkcə prosesi anlamağa yox, öyrənməyə də kömək edir. Əgər məqsədin sadəcə öz sorğuna cavab tapmaq deyilsə, öyrənmək və başqalarına izah etmək yönündən bu xüsusiyyətlər sənə böyük fayda verəcək.
3. İqtisadi Effekt DeepSeek, API (Proqramlaşdırma Əlaqə İnterfeysi) istifadə olunduqda daha aşağı xərclərlə xidmət göstərir. Bu isə biznes sahibləri və proqram təminatı yazılması ilə məşğul olan insanlar üçün iqtisadi cəhətdən daha sərfəli seçim yaradır.
Niyə DeepSeek-i seçməlisən?
DeepSeek-in ödənişsiz olması, açıq və şəffaf yanaşması, eləcə də istifadəçilər üçün asan və rahat interfeysi onu digərlərindən ayıran əsas üstünlüklərdir. Bu model, həm məlumatı öyrənmək, həm də əldə etmək üçün son dərəcə əlverişlidir, həmçinin cibinə də yük olmur. Ümumilikdə belə üstün texnologiyaların açıq mənbədə və pulsuz şəkildə təqdim olunması sosial ədalət prinsipinə də xidmət edir.
Üstəlik texniki bacarıqlarının pullu modellərdən yaxşı olması göstərir ki, kütləvi şəkildə DeepSeek-ə keçidin çox uzaq olmayacağını da göstərir.
Nəticə
DeepSeek, süni intellektin parlaq gələcəyinə istiqamətlənmiş yeni bir addımdır. Həm büdcə olaraq əlverişli, həm də funksional olaraq güclü iş imkanları yaradır. Əgər sən də gündəlik həyatını asanlaşdırmaq və süni intellektdən faydalanmaq istəyirsənsə, DeepSeek-in təqdim etdiyi üstünlükləri nəzərdən keçirməlisən. Pulunu cibində saxlayaraq, eyni zamanda yüksək keyfiyyətli və funksional bir xidmətə yiyələnə biləcəyin bir modelə keçid etmək vaxtıdır!