Dünyanın müflis olmuş məşhur şirkətləri: Səhvlər, səbəblər və dərslər
Bir vaxtlar “batmaz” deyilən şirkətlərin böyük qismi indi ortalıqda yoxdur. Onları hər kəs tanıyırdı, hər yerdə reklamlarını görürdük, amma tarix buna imkan vermədi. Bir sözlə, bazar dəyişəndə uyğunlaşmayan hər kəs uduzur.
Bu məqaləmizdə 20-ci və 21-ci əsrlərdə baş vermiş ən məşhur iflaslar haqqında danışacağıq. Məqsədimiz isə bu səhvlərdən yaxşı dərs çıxarmaqdır.
1. Pan Am (1927-1991)
“Pan American” hava yolu şirkəti ilk beynəlxalq uçuşları, ilk reaktiv təyyarələri və geniş şəbəkəsi ilə aviasiyanın simvolu idi. Problemlər isə bu gücü saxlamağa imkan vermədi:
Yanacaq xərclərinin kəskin artımı;
Rəqabətin güclənməsi;
Effektiv olmayan idarəetmə;
Terror hadisələrindən sonra azalan etibar.
Beləcə, “Pan Am” 64 yaşında fəaliyyətini tam dayandırdı. Görünür ki, yenilikçi olmaq kifayət deyil. Nəzarətsiz xərcləri, yanlış krizis idarəsini tarix bağışlamır.
2. Lehman Brothers (1850-2008)
“Lehman Brothers” ABŞ-nin ən köklü investisiya banklarından biri idi. 2008-ci ildə 25 000 əməkdaşı ilə iflası isə təkcə bir şirkətin yox, bütün dünyanın sarsılmasına səbəb oldu. Nə baş verdi:
Həddindən artıq borclanma;
Riskli ipoteka aktivlərinə güvən;
“Too big to fail”, yəni “Bizə heç nə olmaz” düşüncəsi.
Bu iflas göstərir ki, işə kor-koranə yanaşsan və riskləri düzgün idarə etməsən, ən ağıllı maliyyə alətləri belə səni xilas edə bilməz. Nəticədə, “Lehman Brothers” şirkətinin çöküşü domino effekti yaratdı və qlobal maliyyə böhranını alovlandırdı.
3. Toys "R" Us (1948-2017)
Vaxtilə oyuncaq bazarının lideri olan “Toys “R” Us” minlərlə mağazası və güclü brendinqi ilə toxunulmaz görünürdü. Təəssüf ki, “Amazon” ilə yanaşı, başqa problemlər də üst-üstə gəldi:
İnvestisiya fondu tərəfindən alındıqdan sonra ağır borc yüklənməsi;
Gəlirin borc faizlərinə gedişi;
Mağazaların və müştəri təcrübəsinin yenilənməməsi;
Onlayn satışa gec adaptasiya.
Gördüyün kimi, problemlər həmişə maddiyyatla bağlı olmur. Rəqiblərdən geri qalmaq ən böyük borclardan daha baha başa gəlir.
4. Thomas Cook (1841-2009)
“Thomas Cook” dünyanın ilk turizm şirkətlərindən biri idi. Bəs nə oldu ki, 178 illik turizm nəhəngi yoxa çıxdı:
Onlayn rezervasiya platformalarına gec keçid;
Bahalı ofis şəbəkəsi və ağır əməliyyat xərcləri;
Aviaxərclərin və yanacağın bahalaşması;
Yeni tur modellərinə keçidin olmaması.
“Thomas Cook” təcrübəsi deyir ki, bazar dəyişirsə, sən də dəyişməlisən.
Sözümüzün canı
Bu şirkətlər dünyanın müxtəlif bölgələrində müxtəlif sahələrdə fəaliyyət göstərirdi. Amma onları batıran səbəblər çox oxşar idi:
Nəzarətsiz xərclər və borclar;
Yeniliklərə gec adaptasiya;
Zəif idarəçilik;
Risklərin göz ardı edilməsi.
İstər şirkət olsun, istərsə də şəxsi büdcə… Bir şeyi bilirik ki, qayda eynidir. Pulunu düzgün idarə etmirsənsə, gələcək yaxşı görünmür. Odur ki bu səhvlərdən dərs çıxar və gələcəyini xilas et.
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!