pulları ram edir!
Pullar
Faydalı bilgilər
Mini məqalələr
Şəxsi təcrübə
26.12.2025
Farid
/müəllif

Yeni ildə yeni hədəflərə necə çatmalı: Xəyallar və reallıq

Hər bayram ərəfəsində, yəqin ki, sən də "Bu il mənim olacaq", "Yeni ildə yeni biri olacağam" kimi cümlələr səsləndirirsən. Bəs bu cümlələr reallığa çevrilir? 

Gəl təzə ildə hədəflərini, arzularını və planlarını necə reallığa çevirəcəyini öyrənək. Öyrənək ki, arzularını reallaşdırmaq üçün Şaxta babaya ehtiyacın qalmasın…
Hədəflər, arzular və planlar
İstəklərinə çatmaq üçün əvvəlcə arzu, hədəf və plan arasındakı fərqi öyrənməlisən.

Hədəf gələcəkdə nail olmaq istədiyimiz spesifik bir istəkdir və müəyyən kriteriyalara məxsusdur:
  • məqsəd aydındır;
  • hara çatmaq istədiyin bilinir;
  • reallığa uyğunluğu var;
  • nə vaxt çatmaq istədiyin müəyyəndir;
  • nə etməli olduğun planlaşdırılıb.

Məsələn, "arıqlamaq istəyirəm", ya da "milyoner olmaq istəyirəm" bir hədəf deyil. Əslində, hədəf aşağıdakına bənzəyir:
2026-cı ilin sonuna kimi Bakıda büdcəmi çox da yormayacaq ikiotaqlı ev almaq istəyirəm. İş yerimə yaxın olsun deyə Nərimanov ideal görünür. Bunun üçün aylıq xərclərimi optimallaşdıracaq, əlavə gəlir mənbəyi tapacaq və ipoteka üçün ilkin ödənişi yığacağam. Hər ay ən azı 500 AZN yığmağı düşünürəm

Gördüyün kimi, hədəfə çatmaq üçün ondan əvvəl başqa addımlar da atılmalı, müəyyən vaxt limiti qoyulmalı və reallığa uyğunlaşdırılmalıdır. Hədəf müəyyən etmədən öncə ən əsası isə bu sualı özlüyündə cavablandırmalısan: Mənim buna ehtiyacım var? Buna nail olsam, nə əldə edəcəyəm?

Arzu istəyində olduğun, amma vaxtı və dəqiq planı olmayan bir şeydir. Məsələn, ev almaq istəyə bilərsən, amma bunun üçün heç bir addım atmırsansa, bu artıq hədəf deyil, arzudur.

Plan hədəfə çatmaq üçün atılan spesifik addımlardır. Ev almaq üçün pul yığmalısan, pul yığmaq üçün iş tapmalısan, iş tapmaq üçün kurs götürməlisən və s. Bunların hamısı hədəfə çatmaq üçün müəyyən edilən planlardır.
Hədəfləri müəyyən etmək üçün H-AN metodu
H-AN (Hədəf və Açar Nəticələr metodu) qarşındakı tapşırıqları və hədəfləri daha ağıllı formada planlamağa kömək edir:
  • Hədəf: spesifik istək;
  • Açar nəticələr: Hədəfimə çatdığımı necə biləcəyəm? Uğurlu olub-olmadığımı necə ölçə bilərəm?

Bu üsul təkcə şəxsi həyatın planlanmasında yox, hətta iş həyatında da kömək ola bilər. Deməli, sən özünə bir hədəf qoyursan və atdığım addımların uğurlu olub-olmadığını necə ölçəcəyini müəyyənləşdirirsən.
Real nümunə
Deyək ki, kafe şəbəkəsində işləyən gənc bir barista var. O qərara gəlib ki, yeni ilin sonuna qədər filial müdiri olmaq istəyir. Hədəf konkret və vaxtla məhdudlaşdırılıb, amma bunun nə dərəcədə real olduğu sual altındadır. "Bir ilə filial müdiri olmaq mümkündür?" sualının cavabını yalnız barista özü cavablaya bilər. Çünki şirkətin içində hansı pillələrin olduğunu, hansı bacarıqlara ehtiyac duyulduğunu o daha yaxşı anlayır. 

Yaxşı, filial müdiri olmaq hələ çətindir, amma menecer assistenti olmaq tam real səslənir. Beləcə, bu aydın və məntiqli bir hədəfə çevrilir. İndi növbə açar nəticələrdədir, yəni baristamız hədəfə yaxınlaşdığını necə ölçəcək? 

Məsələn:
  • Müştəri xidməti üzrə daxili təlimləri tamamlayacaq.
  • Ay ərzində 2 dəfə növbəni tam müstəqil şəkildə idarə edəcək.
  • Sifariş və xidmət proseslərini optimallaşdıraraq aylıq şikayətlərin sayını 15% azaldacaq.
  • Komanda içində koordinasiya və ünsiyyət bacarıqlarını gücləndirəcək.

Bunlar ölçülə bilən addımlardır və barista ilin sonunda hədəfinə nə qədər yaxınlaşdığını dəqiq görə biləcək.
Vaxtı obyektiv dəyərləndirmək
Hədəfinə çatmaq üçün ortalama statistikalara baxa bilərsən. Yuxarıdakı nümunə ilə davam etməli olsaq, həmin barista analiz etməlidir ki, hədəfə nə qədər yaxındır? Bəlkə, bu hədəf bir ilə yox, 3 ilə nail olunacaq bir hədəfdir?
Planlamaqda çətinlik çəkirsənsə, nə etməlisən?
Bu zaman sənin kimi "problemli" dostlarının köməyini işə sala bilərsən. Belə ki, plan qurmaqda çətinlik çəkən dostunla bərabər bu yola başlayıb həm bir-birinizə dəstək olarsınız, həm də motivasiya verərsiniz.

Bundan əlavə, real hədəflərini və istəklərini düzgün şəkildə sıralayıb süni intellektdən sənin üçün plan qurmasını, lazımdırsa, araşdırma etməsini də istəyə bilərsən. 
Sözümüzün canı
Zaman keçdikcə istəklərin dəyişə bilər və bunda pis heç nə yoxdur. Qarşına qoyduğun hədəflər heç də səni limitləməli deyil. Əksinə, onlar sadəcə sənin gələcəkdə çatmaq istədiklərindir və bunun üçün hər gün nəsə etməyinə də ehtiyac yoxdur. Bəzən dincəlmək də lazımdır.

Amma bu hədəflər həm də sənə bir suala cavab tapmaqda kömək edir: "Uğursuzluq sənin üçün nədir?" Yəni hədəfə çatmaq üçün nəsə etməyəndə bir az incidə bilir…
Yeni il sürprizləri Limon qazanında!
“Telegram” kanalımıza abunə ol, Yeni il ilə bağlı maraqlı məqalələrdən, testlərdən və müsabiqələrdən ilk sən xəbər tut!

Oxşar məqalələr