18.08.2025
Farid
/müəllif

Marketinq səni pul xərcləməyə necə vadar edir?

Pul xərcləməyi çox vaxt sadə bir proses kimi görürük; ehtiyac yaranır, məhsulu alırsan və məsələ bitir. Marketinq üçün isə bu belə işləmir. Marketinqin məqsədi sənə sadəcə lazım olanı satmaq deyil, sənin üçün lazım görünən məhsullar yaratmaqdır. Bunu yaratmaq üçün də emosiyaları, vərdişləri, sosial təsirləri və hətta beyninin verdiyi mikroqərarları hədəf alır.

Demək istədiyimiz odur ki, pul xərcləyərkən qərarların bir çoxu artıq sənin yerinə verilib. Bəs dərinə getsək, bu necə baş verir?
Fürsəti qaçırmaq qorxusu
Marketinqin ən güclü psixoloji texnikalarından biri FOMO (fear of missing out) adlanır. “Yalnız bu gün”, “endirimin son saatları”, “stoklar bitir” kimi ifadələr məhz bu hissi oyatmaq üçün istifadə edilir. Sən də məhsulu ehtiyac duyduğuna görə yox, onu almaq fürsətini qaçırmaq istəmədiyin üçün səbətə atırsan.

Bu strategiya çox vaxt endirim kampaniyalarında işə yarayır. Heç diqqətini çəkməyən bir idman ayaqqabısı “yalnız bu həftə” sloqanı ilə sənin gözündə “mütləq almalıyam” statusuna yüksəlir.
Pulsuz, doğrudan da, pulsuzdur?
Ödənişsiz sınaq təklif edən xidmətlər cazibədar görünür, çünki heç bir pul ödəmədən risksiz formada istifadə edə bilirsən. Bir müddət sonra isə həmin xidməti istifadə etməyə öyrəşirsən və növbəti ay kartından çıxılan məbləğ normal hiss olunur.

Markalar bunu “az, amma davamlı qazanc” modeli kimi görür. Sən hər ay kiçik məbləğlər ödədiyini düşünsən də, ilin sonunda yekun məbləğ böyük rəqəmlərə çatır.
Marka sevgisi və eqo
Bəzən alış qərarını məhsulun xüsusiyyətləri yox, onun sənə verdiyi hiss formalaşdırır. Sevdiyin brendin yeni məhsulu çıxıbsa, artıq texniki göstəricilər ikinci plana keçir. Sən də onu alırsan ki, o markadan istifadə etdiyini hər kəsə göstərə biləsən.

Marketinq də yaxşı bilir ki, sənin cibinə gedən yol adətən eqodan keçir. Ona görə də məhsul sənə sadəcə bir alət kimi deyil, şəxsiyyətinin bir hissəsi kimi təqdim olunur.
Marketinqin lazımsız xərclərindən müdafiə düsturu
Səni və pullarını marketinqin təsirindən qorumaq üçün 3D metodunu təqdim edirik. Bu plan necə işləyir:

  1. Dayan: Məhsulu səbətə atdıqdan sonra dayan, 20-30 saniyəlik fasilə ver. Bu qısa pauza emosional həyəcanını sakitləşdirməyə və daha məntiqli düşünməyinə imkan yaradacaq.
  2. Düşün: Öz-özünə sual ver: “Bu məhsula, doğrudan, ehtiyacım var?”, “Aldığım qiymətə dəyər?”
  3. Dəyiş: Əgər cavablar səni qane etmirsə, ya səbətdəki məhsulu, ya da qərarını dəyiş. Bir həftə sonra yenə həmin məhsulu almaq istəsən, o zaman almağı düşünə bilərsən.
Bu sadə üsul həm impulsiv xərclərini, həm də büdcəndəki “sızıntıları” kəskin şəkildə azaldacaq.
Nəticə
Marketinq səni xərcləməyə vadar etsə də, onu “pis” adlandırmaq düzgün olmaz. Nəticədə, o öz işini görür, amma unutma ki, marketinq hisslərini idarə edə bildiyi anda pulunu da idarə edə bilir. Ona görə də xərcləmədən əvvəl bir anlıq dayanmaq, qərarlarını sorğulamaq, bir sözlə, 3D üsulunu tətbiq etmək faydalıdır.

Oxşar məqalələr