30.07.2025
Farid
/müəllif

İnvestisiya dünyasına giriş: Qiymətli kağızlar nədir?

Başlamadan xəbərdarlıq edək ki, bu məqaləmiz investisiya məsləhəti daşımır. Məqsədimiz maliyyə və investisiya dünyasında adını tez-tez eşidəcəyin “qiymətli kağızlar” terminini sadə formada izah etməkdir.
Qiymətli kağızlar nədir?
Qiymətli kağız müəyyən rekvizitlərə malik olan, maliyyə və ya mülkiyyət hüququnu təsdiqləyən və bu hüququ yalnız onun vasitəsilə həyata keçirməyə imkan verən sənəddir. Sadə dildə isə qiymətli kağız pulunu işə salmaq və dəyərləndirmək üçün aldığın rəsmi sənəddir. Beləcə, sən bu sənədi alaraq qarşılığında gəlir qazanmaq hüququ əldə edir, ya da mülkiyyət sahibi olursan.
Qiymətli kağızların əsas növləri
1. Səhm

Qiymətli kağızların, bəlkə də, ən populyar növü səhmlərdir. Səhm hər hansısa şirkətin kapitalının bir hissəsidir və ona sahib olan şəxs səhmdar adlanır. Səhmdar olduğun zaman aşağıdakı imtiyazları da əldə edirsən:
  • Şirkətin qazancından dividend almaq;
  • Bəzi hallarda şirkətin qərarlarında səsvermə hüququ;
  • Səhmin dəyəri qalxdığı anda onu satıb kapital qazancı əldə etmək.
Bir sözlə, səhm riskli, amma yüksək potensiala sahib qiymətli kağızdır.

2. İstiqraz

İstiqraz emitent tərəfindən buraxılmış və sahibinə gələcəkdə müəyyən pul məbləği və əlavə faiz gəliri almaq hüququ verən qiymətli kağızdır. Daha da sadələşdirsək, istiqrazı alan şəxs (yəni investor) istiqrazı buraxan tərəfə (dövlət, şirkət və ya bank) müəyyən müddətə borc verir. İstiqrazlar dövlət və korporativ olmaqla, iki növə bölünür. Həmçinin müddətinə görə qısamüddətli, ortamüddətli və uzunmüddətli istiqrazlar mövcuddur.

3. Törəmə qiymətli kağızlar

Adından da göründüyü kimi, bunlar başqa qiymətli kağızlardan törəyən maliyyə alətləridir. Onlar başqa aktivlərin dəyərinə bağlıdır və dəyərləri birbaşa olaraq həmin aktivlərin qiymətindən asılıdır. Törəmə qiymətli kağızlar əsasən iki məqsədlə istifadə olunur:
  • Hedcinq: Gələcəkdə müqavilənin hansı məbləğdə baş verəcəyini bilməklə qiymət dəyişikliyindən sığortalanmaq
  • Spekulyasiya: Alış və satış qiymətləri arasındakı fərq sayəsində gəlir əldə etmək

4. Hibrid qiymətli kağızlar

Hibrid qiymətli kağızlar səhm və istiqraz məfhumlarının bir növ qarışığıdır. Belə ki, hibrid qiymətli kağızlar həm borc kağızlarına, həm də səhmlərə aid xüsusiyyətləri birləşdirir.

Əksər hibrid qiymətli kağızlar sabit və ya dəyişkən dividendlə gəlir verir. Üstəlik, müəyyən tarixdə investorun seçim haqqı olur; ya gəliri almağa davam edir, ya da bu kağızı şirkətin səhmlərinə çevirir.
Qiymətli kağızlar bazarı necə işləyir?
Qiymətli kağız ticarəti iki mərhələdə icra olunur:

  • İlkin bazar (Primary): Şirkət, ya da dövlət qiymətli kağızı birbaşa satışa çıxarır və pul birbaşa onlara gedir.
  • İkinci və ya təkrar bazar (Secondary): Sən həmin qiymətli kağızı başqa bir investordan alırsan.
Bu bazarların mövcudluğu qiymətli kağızların likvidliyini, yəni istənilən vaxt satılmasını təmin edir.
Azərbaycanda qiymətli kağızlar bazarı
Ölkəmizdə qiymətli kağızlar bazarı nisbətən gənc olsa da, son illərdə həm tənzimləyici çərçivədə, həm də maliyyə alətlərinin əlçatanlığının artmasında inkişaf görmək mümkündür. Məsələn, ötən ilin statistikaları göstərir ki, Azərbaycanda qiymətli kağızlar bazarı 2 dəfə böyüyüb.

10 il əvvəl qəbul olunan, üzərində daima əlavələr və dəyişikliklər edilən “Qiymətli kağızlar bazarı haqqında” qanun layihəsi ilə tanış olmağını da məsləhət görürük.
Qiymətli kağızlarla necə maraqlanmalı?
Əgər bu sahədə hələ yenisənsə və burada inkişaf etmək istəyirsənsə, ilk növbədə maariflənmək mütləqdir. Onlayn kurslar və digər resurslar qiymətli kağızları başa düşməkdə sənə kömək olacaq. Elə biz də!

Ardınca məqsədini müəyyən etməli və bunun əsasında bazar araşdırması aparmalısan. Sonda isə broker şirkətləri və ya peşəkar maliyyə məsləhətçiləri seçərək qiymətli kağızlar əldə edə bilərsən.
Nəticə
Qeyd etmək lazımdır ki, qiymətli kağızlar təkcə böyük investorların deyil, adi insanların da gələcəyini planlaması və maliyyə təcrübəsini artırması üçün önəmli alətdir. Azərbaycanda da bu sahəyə diqqət getdikcə artır və bazar imkanları genişlənir. Odur ki növbə səndədir; ağıllı qərarlar verməyə başla və maliyyə savadlılığını dayanmadan artır.

Oxşar məqalələr