pulları ram edir!
Pullar
Faydalı bilgilər
Mini məqalələr
Şəxsi təcrübə
27.08.2025
Farid
/müəllif

Uşağın gələcəyinə sərmayə: Dövlət, yoxsa özəl məktəb?

Valideynlər üçün sentyabrın yaxınlaşması heç vaxt sadə olmur. Üstəlik, məktəb seçimini də bura əlavə etsək… Uşağı dövlət məktəbinə, yoxsa özəl məktəbə göndərmək təkcə təhsil məsələsi deyil, həm də həyat tərzi, büdcə və gələcək planları ilə bağlı qərardır.

Bir tərəfdə ödənişsiz, ənənəvi və hamıya tanış olan dövlət məktəbi, digər tərəfdə isə parlaq formaları, interaktiv lövhələri, müasir binaları və əlavə dərsləri ilə özəl məktəb dayanır. Bəs bu parıltının arxasındakı həqiqi dəyər, görəsən, nədir?
Məktəblər nə vəd edir?
Özəl məktəblər deyir ki:
  • Siniflərdə uşaq sayı az olduğundan müəllim hər kəsə fərdi olaraq daha çox vaxt ayırır.
  • Xarici dillər və STEAM* fənlərinə üstünlük verilir.
  • Məktəblər infrastruktur baxımından müasirdir. Məsələn, müasir laboratoriyaları, idman zalları, musiqi otaqları var.
  • Tədris yanaşması fərdidir və uşaqların maraqlarına uyğun proqramlar seçilə bilir.

*STEAM — elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat fənlərini birləşdirən, həm elmi-texniki, həm də yaradıcı bacarıqları inkişaf etdirməyi hədəfləyən təhsil yanaşması

Dövlət məktəbləri deyir ki:
  • Təhsil ödənişsizdir, əlavə xərclər isə forma və məktəb ləvazimatları üçün olur.
  • Uşaqlar daha müxtəlif sosial mühitdə böyüyür.
  • Əlavə repetitor dərsləri və kurslarla özəl məktəblərin vəd etdiyi akademik nəticəyə çatmaq ehtimalı var.
  • Bəzi dövlət məktəblərinin müəllim heyəti çox təcrübəli və nəticəyönümlü olur.
Dünya təcrübəsi
ABŞ və Avropada özəl məktəblər adətən daha prestijli görünür və valideynlər onlara daha çox üstünlük verir. Finlandiya kimi ölkələrdə isə dövlət məktəbləri o qədər keyfiyyətlidir ki, valideynlər övladlarını özəl məktəbə göndərmək belə istəmir.

Sözümüzün canı, özəl məktəblər hər yerdə eyni deyil, hər şey ölkənin təhsil sistemindən, məktəb keyfiyyətindən və uşağın fərdi ehtiyaclarından asılıdır.
Bir az da real qiymətlərdən danışaq
Rəqəmlər göstərir ki, özəl məktəblərin qiymət aralığı çox genişdir. Əgər ailə büdcəsi əl verirsə, uyğun məktəb seçmək mümkündür. Dövlət məktəbləri isə rəsmi olaraq ödənişsizdir, amma əlavə xərclərlə illik bir neçə yüz manata çata bilər.
Qeyd edək ki, qiymətlər hər an dəyişə bilər. Odur ki dəqiq məlumatı məktəblərin özündən əldə etməyi tövsiyə edirik.
Nəticədə, pul hər şeyi həll edir?
Təbii ki, bu sualın dəqiq bir cavabı yoxdur. Əgər ailənin maddi imkanı yetərlidirsə, özəl məktəb xarici dil təhsili, müasir infrastrukturu və xüsusi proqramı ilə uşağa fərqli imkanlar yarada bilər, amma bu, avtomatik olaraq uşağın savadlı və uğurlu olacağı mənasına gəlmir. Əgər büdcəni özəl repetitor kurslarına, əlavə təhsilə və ya idmana yönəldəcəksənsə, dövlət təhsili və əlavə təhsil də güclü kombinasiya ola bilər.

Məktəbin növündən asılı olmayaraq əsas məsələ isə uşağın maraqla və həvəslə öyrənməsidir, çünki pul özü ilə nəticə gətirmir. Nəticəni sevgi ilə oxuyan uşaq və onu dəstəkləyən valideyn yaradır.

Oxşar məqalələr