İş yerində hər kəsin rəhbər obrazları fərqlidir. Bəziləri dəstək olur və motivasiya verir, bəziləri isə hər dəqiqə problem yaradır. Əgər ikincisi sənə daha tanışdırsa, deməli, sən də rəhbərlərin yoluxduğu “xəstəliklərin” qurbanısan.
Bunlar təcili tapşırıqlardan tutmuş ayrıseçkiliyə qədər uzanır. Nəticədə isə nə komanda rahat işləyə bilir, nə də işdən həzz almaq olur. Amma böyüklərimizin də dediyi kimi, hər şeyin bir çarəsi var.
1-ci diaqnoz: Favoritizm
Simptomlar: Rəhbər bəzi əməkdaşlara daha çox diqqət ayırır, onlara imkan və üstünlüklər təqdim edir. Komandanın digər üzvləri isə geridə qalır və özlərini göstərə bilmirlər.
Fəsadlar: Komandanın ədalət hissi pozulur, motivasiyası azalır və əməkdaşlar özlərini dəyərsiz hiss etməyə başlayır.
Resept: Rəhbərlər öz davranışlarını təhlil etməli, bütün əməkdaşlara bərabər şans yaratmalıdır. Əməkdaşların qiymətləndirilməsi isə şəxslər üzərindən yox, nəticələr üzərindən aparılmalıdır.
2-ci diaqnoz: Aqressiya və toksiklik
Simptomlar: Tapşırıqlar aqressiv və hörmətsiz üslubda verilir, üstəlik, işçilərin səhvlərinə lağ edilir. Bir yandan isə əməkdaşlar arasında qruplaşmalar yaranır, ofisdə toksiklik və nifrət hökm sürür.
Fəsadlar: İş mühiti gərginləşir və əməkdaşların həvəsi, təşəbbüskarlığı, hətta bir-birlərinə olan hörməti azalır.
Resept: Rəhbərlər ünsiyyət mədəniyyətini inkişaf etdirməli və emosional intellektə diqqət ayırmalıdır. İşçilər isə sərhədləri qoruyaraq problemləri konstruktiv formada həll etməlidir.
3-cü diaqnoz: Təcili dedlaynlar sindromu
Simptomlar: Tapşırıqlar qeyri-real və qısa vaxtlarda verilir. Rəhbərlər iş saatlarından kənarda və istirahət günlərində də işlə bağlı mesajlar, istəklər göndərir.
Fəsadlar: İşçilərin şəxsi həyatları pozulur, yorğunluq artır və işin keyfiyyəti aşağı düşür.
Resept: Rəhbər planlamanı əvvəlcədən qurmalı və komanda ilə birgə real vaxt çərçivələri müəyyən etməlidir. Əməkdaşlar isə açıq şəkildə qısa, qeyri-mümkün dedlaynlara etiraz etməlidirlər.
4-cü diaqnoz: Məsuliyyətsizlik virusu
Simptomlar: Layihə uğursuz alındıqda və ya hansısa tapşırığın nəticəsi ürəkaçan olmadığı zaman rəhbər günahı əməkdaşların üstünə atır. Uğurlu nəticələr olduqda isə rəhbər yalnız özünü önə çıxarır.
Fəsadlar: Komanda güvənini itirir və əməkdaşlar təşəbbüskarlıqdan çəkinməyə, səhv etməkdən qorxmağa başlayırlar.
Resept: Rəhbərlər uğurda da, uğursuzluqda da məsuliyyəti bölüşməlidirlər.
5-ci diaqnoz: Mikromenecment narahatlığı
Simptomlar: Rəhbər hər detalı nəzarətdə saxlayır, hər addımı yoxlayır və əməkdaşlarına güvənmir.
Fəsadlar: İşçilərin müstəqilliyi və yaradıcılığı məhv olur. İş mühitində məhdudiyyətlər artır və sıxıcılaşır.
Resept: Rəhbərlər nəticəyə fokuslanmalı, prosesi isə komandaya həvalə etməlidir. Əməkdaşlar isə müəyyən periodlar ərzində işin gedişatı ilə bağlı rəhbərə hesabat verməli və güvən yaratmalıdırlar.
6-cı diaqnoz: Bacarıqsızlıq infeksiyası
Simptomlar: Rəhbər öz ixtisasına aid olmayan və bilmədiyi işlərə dair göstərişlər verir, amma menecment bacarıqlarını göstərə bilmir.
Fəsadlar: Proseslər dağılır, işlər qarışır və nəticələr avtomatik olaraq zəifləyir.
Resept: Rəhbərlər yalnız öz sahələrinə fokuslanmalı və mütəxəssislərə qulaq asmalıdırlar. İşçilər isə peşəkar arqumentlərlə öz mövqelərini dəstəkləməlidirlər.
7-ci diaqnoz: Əmək hüquqları çatışmazlığı
Simptomlar: Maaşların gecikməsi artıq normaya çevrilir, bonuslar söz verildiyi halda ödənilmir və iş saatlarının dəqiq sərhədi olmur. Əməkdaşlar tez-tez gecə və həftəsonu da iş tapşırıqları ilə qarşılaşırlar.
Fəsadlar: Bu vəziyyət komandada inamı tamamilə sıradan çıxarır, işçilərin motivasiyası aşağı düşür və nəticədə dövriyyə artır. İnsanlar daha ədalətli və sabit mühit axtarışına çıxırlar.
Resept: Rəhbərlər maliyyə ödənişlərində və iş vaxtının təşkilində şəffaf və ədalətli davranmalı, əməkdaşlarının hüquqlarına hörmət etməlidirlər. İşçilər isə müqavilələrini diqqətlə oxumalı, hüquqlarının pozulduğu hallarda peşəkar dəstək axtarmağa çəkinməməlidirlər.
Digər xəstəliklər və onlardan xilas yolu
Sadalananlardan əlavə, boş və qeyri-məhsuldar iclaslarla vaxt yeyən, problemləri görməzdən gələn, prioritetləri daima dəyişən rəhbərlər də az deyil… Odur ki bu xəstəliklərin simptomlarını tanımaq və düzgün çıxış yolu tapmaq vacibdir.
Unutma ki, sağlam iş mühitini qorumaq təkcə gündəlik rahatlıq gətirmir, həm də uzunmüddətli karyera inkişafına yol açır. Sağlam karyera isə öz növbəsində vəzifə artımına, daha yüksək gəlirə və maliyyə azadlığına yol açır.
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!