pulları ram edir!
Pullar
Faydalı bilgilər
Mini məqalələr
Şəxsi təcrübə
11.02.2026
Farid
/müəllif

Bəlkə, Sevgililər Günü özünü sevmək üçündür?!

Sevgililər Günündə ancaq cütlükləri düşünməyəcəyik ki… Ona görə də bu məqaləmizdə münasibəti olmayan insanlardan danışacaq, onların bu seçiminin arxasında yatan səbəblərə baxacaq və bir az da modern gənclikdən söz açacağıq.
Terminlər və statistika
Gəl əvvəlcə terminlərdən və statistikadan başlayaq. “Tək” və ya “təklik (singlism)” sözləri termin kimi 20 il əvvəl psixoloq Bella DePaulo tərəfindən romantik münasibətlərə üstünlük verməyən insanları təsvir etmək üçün istifadə olunub.

DePaulo ilə yanaşı, bir çox qurumlar da bu mövzuda araşdırma ediblər. Məsələn, “Eurostat”ın 2024-cü ilə aid araşdırmasına görə, Avropada 75 milyon insan (202 milyon ev arasından) tək və uşaqsız həyat sürür. Azərbaycan üzrə vəziyyəti anlamaq üçün buna ən yaxın göstərici kimi heç vaxt nikahda olmayan əhaliyə baxmaq olar. 2019-cu il statistikasına əsasən, Azərbaycanda 20–29 yaş aralığında olan əhalinin təxminən 72 %-i rəsmi nikahda olmayıb.

Bu qədər statistikadan sonra bu sualı cavablamağa çalışacağıq:

Bu tənhalıq bir seçimdir, yoxsa insanlar buna məcburdur?

Tək gənclər və ənənəvi ailələr
İnsanlar düşünür ki, əgər kimsə münasibətdə deyilsə, deməli, ya tənha hiss edir, ya da özünə sevgili tapa bilmir. Sanki partnyoru olmayan insan avtomatik olaraq qapanmış, sosial həyatdan kənar qalmış biri kimi təsəvvür olunur. Əksinə, gənclərin dili ilə desək, bu təsəvvür reallığı heç əks etdirmir.

Gənclər izah edir ki, münasibətdə olmamaq tənhalıq deyil, seçim azadlığıdır. Onlar istəsə münasibətə vaxt ayıra bilər, amma hazırda buna ehtiyac duymur. Çünki bu dövrdə onların prioritetləri başqadır: təhsil, özünüinkişaf, gələcək planlar və daha çoxu…

Təkcə fərdi fikirlər yox, elmi araşdırmalar da bu yanaşmanı göstərir. Gənc nəsil uzunmüddətli romantik münasibətlərə əvvəlki nəsillər qədər bağlanmır və bu mövzu ilə bağlı sosial təzyiqi daha az hiss edir. Bir sözlə, gənclərin münasibətlərə baxışı ənənəvi ailə modelindən uzaqlaşma kimi yox, həyatın tempinə və reallıqlarına uyğunlaşma kimi oxunmalıdır. Bu, sevgidən imtina deyil… Sadəcə sevginin yaşı və tərzi əvvəlki nəsillərdən seçilir.
Sosial medianın təsiri
Rəqəmsal dünyada “güclü və müstəqil” obrazı getdikcə daha çox ön plana çıxır. Bu anlayışın özü problem deyil, amma filtrsiz qəbul edildikdə real həyatdan qopmağa da səbəb ola bilir. Bəzən bu ideyalar insanı azadlaşdırmaq əvəzinə, onu münasibətlərdən qorxudan bir çərçivəyə salır.
Təklik həmişə seçim olaraq qalacaq?
Bu mövzuda bir şeyi dürüst demək lazımdır ki, yaxın illərdə münasibətlərlə bağlı qəti və hamını qane edən statistika görməyimiz çətin məsələdir. Üstəlik, son illərdə bu məsələyə iqtisadi faktorlar da ciddi şəkildə təsir edir. Elə buna görə də bu yaxınlarda “inflationship” adında yeni bir termin ortaya çıxıb. Termin deyir ki, insanlar sevdiyi üçün yox, xərcləri bölüşmək və artan yaşayış dəyərini qarşılamaq üçün münasibət qururlar. Məsələn, kirayə, kommunal xərclər, yemək və s. tək yaşamağı bir çoxları üçün real olmayan seçimə çevirib.
Sözümüzün canı
Yeni dövr münasibət məsələsini daha çox kontekst, mərhələ və şərait məsələsinə çevirir. Kimsə tək qalmağı qəsdən seçir, kimsə də münasibətdə olmağı iqtisadi baxımdan təhlükəsiz hesab edir. Hər iki halda həyat şəxsi seçimdən çox, qorxu üzərində qurulubsa, problem də elə buradan başlayacaq.
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!
Mənbə: setters.media

Oxşar məqalələr