pulları ram edir!
Pullar
Faydalı bilgilər
Mini məqalələr
Şəxsi təcrübə
25.02.2026
Seljan
/müəllif

Dünyanın ən varlı 10 adamı ilə tanışlıq

Dünyanın ən varlı insanlarını görəndə, yəqin, sənə də onların bu qədər uğurlu olmalarının səbəbi maraqlı gəlir. Bu insanları başqalarından fərqləndirən xüsusiyyətlər nədir axı?

Hə, bir sözlə, məqaləmizdə dünyanın ən varlı 10 insanı haqqında danışacaq və onları uğura aparan addımları təhlil edəcəyik.
1. İlon Mask (672 milyard dollar)
Şirkətləri: SpaceX, Tesla, X (Twitter)

Ən varlı insan deyəndə göz önünə gələn simalardan biri İlon Maska məxsusdur. O, 600 milyard dollar xalis sərvətə malik olan ilk şəxsdir. 

Maskın ilk önəmli addımı 90-cı illərin “dotcom boom (internet şirkətlərinin sürətlə artdığı dövr)” dövründə həmkarları ilə birlikdə texnoloji startap şirkəti qurması idi. Bu startaplardan birini — “x.com” adlı onlayn bankçılıq şirkətini hazırda milyonlarla istifadəçisi olan “PayPal” maliyyə texnologiyası kimi tanıyırıq. 

“PayPal”ın “eBay”ə satışından əldə etdiyi gəlirlə “SpaceX” şirkətini quran Mask sonradan “Tesla” kompaniyasına da yatırım edərək texnologiya dünyasında böyük uğurlar qazandı. 2022-ci ildə isə “Twitter”i satın alaraq adını dəyişdi və sosial şəbəkələrə də marağını göstərmiş oldu.

Davamlı olaraq bazarı dərindən analiz edib düzgün investisiyalar etmək Maskın uğurlarının əsas səbəblərindən biridir.
2. Larri Peyc (262 milyard dollar) və Sergey Brin (243 milyard dollar)
Şirkətləri: Google, Alphabet Inc.

Hər gün istifadə etdiyimiz “Google”un təsisçilərinin bu siyahıda olması heç təəccübləndirmir. İlk vaxtlar universitet layihəsi kimi yaradılan bu axtarış sistemi qısa müddət ərzində ən məşhur axtarış platformasına çevrildi. Platforma ilə bağlı ideya Larri Peycə aid olsa da, mexanizm Sergey Brinə aiddir. Onlar bu uğurdan sonra şirkətin strukturunu daha da genişləndirərək “Alphabet Inc.” şirkətini yaratdılar. Burada əsas məqsəd müxtəlif layihələrin və edilən investisiyaların rahat idarə olunması idi.

İstifadəçilərin ehtiyacını düzgün vaxtda qarşılayan və davamlı təkmilləşən sistemin yaradılması Brin və Peycin uğurlu olmasında əsas rol oynayıb.
3. Ceff Bezos (231 milyard dollar)
Şirkətləri: Amazon, Blue Origin, The Washington Post və s.

Başda onlayn kitab satışı üçün qurulan “Amazon” hazırda dünyada alış-veriş üçün ağıla gələn ilk platformalardan biridir. Bezos başa düşdü ki, insanların diqqətini çəkmək üçün kitab satışından fərqli addımlar da atmalıdır. İnternetin insanların həyatında böyük rol oynayacağını təxmin edən Bezos “Amazon” vasitəsilə geyim, elektronika və digər çeşidlərdə məhsullar təklif etməyə başladı. Beləcə, Bezos şirkətin satışlarını ilk 10 ildə 16 600 dəfə artıra bildi.

“Amazon”un uğurundan sonra Ceff Bezos “Blue Origin” adlı kosmik araşdırma şirkətini təsis etdi, üstəlik, “The Washington Post” qəzetini satın aldı. Görünür, Bezosun uğuru tək sahə ilə limitlənməmək, əksinə, daima yeni istiqamətlərə yönəlməklə əlaqəlidir.
4. Mark Zukerberq (228 milyard dollar)
Şirkətləri: Meta

Hələ tələbə olduğu vaxtlarda yalnız Harvard tələbələrinin istifadəsi üçün yaratdığı “Facebook” qısa müddət ərzində populyarlaşdı. Xüsusilə, otaq yoldaşlarının köməyi ilə təkmilləşdirilən platforma sonradan ölkənin müxtəlif universitet tələbələri üçün də əlçatan oldu.

“Facebook”un bu qədər məşhurlaşmağının əsas səbəbi tələbələrin yalnız universitet poçt ünvanları ilə platformaya qoşula bilməsi idi. Bu da insanlar tərəfindən daha güvənli və təhlükəsiz hesab olunurdu. Başqa səbəb isə digər platformalara nisbətən istifadəsinin daha sadə və rahat olması idi. Vaxt keçdikcə investorların da yatırımları sayəsində “Facebook” bütün dünyada əlçatan platformaya çevrildi.

Zukerberqin uğurlu mövqedə qalması isə birbaşa olaraq “Instagram”, “WhatsApp” və “Facebook” kimi gündəlik istifadə etdiyimiz platformaları bir çətir altında birləşdirməsi və bu platformalarda reklamlar təmin etməsidir.
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!
5. Larri Ellison (208 milyard dollar)
Şirkətləri: Oracle

Ellison və iki partnyoru tərəfindən təsis edilən “Oracle” böyük şirkətlərə biznes proqramları, məlumat bazası və bulud texnologiyası təqdim edən texnologiya şirkətidir. Siyahıdakı şirkətlərdən fərqli olaraq “Oracle” fərdi müştərilər üçün yox, əksinə, böyük təşkilatların istifadəsi üçün nəzərdə tutulub.

Böyük texnologiya şirkətləri ilə rəqabət aparmaqdan qorxmadan böyük müəssisələrə yönələn Ellissonun bu addımı uğura gedən yolunu daha da möhkəmləndirdi. 
6. Bernard Arno (178 milyard dollar)
Şirkətləri: Moët Hennessy Louis Vuitton SE (LVMH)

“Fendi”, “Dior”, “Louis Vuitton” və bir çox lüks markaların, əslində, bir şirkət altında — LVMH tərkibində birləşdiyini bilirdin?

Məzun olduqdan sonra atasının tikinti şirkətində fəaliyyət göstərən Bernard Arno şirkətin inkişafı üçün başqa sahələrə də investisiya etməli olduğunu başa düşürdü. Beləliklə, o özünə aid olan hissələri sataraq hazırda lüks sayılan, lakin ovaxtkı dövrdə dəyəri aşağı olan bəzi brendləri satın aldı. Nəticədə, hazırda aldığı bütün brendlər LVMH adı altında fəaliyyət göstərən vahid şirkət tərəfindən idarə olunur.

Arnonun uğurunun arxasındakı sirr yeni brend yaratmaq əvəzinə, prestijli, lakin maliyyə baxımından əziyyət çəkən brendlərə yönəlməsi idi.
7. Jensen Huang (156 milyard dollar)
Şirkətləri: NVIDIA 

Yadındadırsa, kanalımızda Jensen-in uğur hekayəsi ilə bağlı paylaşımlar etmişik. 1993-cü ildə Jensen Huang və iki partnyor tərəfindən təsis edilən "NVIDIA"nın əsas məqsədi video oyunlarının performansını artırmaq idi. Texnologiyanın inkişafı ilə "NVIDIA" da öz məhsul çeşidliliyini artıraraq video oyunlarından əlavə, süni intellekt, sürücüsüz avtomobil və robotexnika proqramları üçün də çiplər istehsal etməyə başladı. Siyahıda qeyd edilən şirkətlərin əksəriyyəti də daha yaxşı performans göstərmək məqsədilə "NVIDIA" çiplərindən istifadə edir.

Jensen Huang-ın uğurunun əsas səbəbi məhsullarının hər zaman istifadəçi tələbinə uyğun olaraq formalaşmasıdır. Şirkət süni intellekt, avtomobil və aeorokosmik kimi bir çox sahələrdə fəaliyyət göstərən qurumların istifadə edə biləcəyi məhsullar istehsal edərək bazarda daimi mövqeyini qoruyur.
8. Jim Walton (151 milyard dollar)
Şirkətləri: Arvest Bank, Walmart Inc.

“Walmart” mağazalarının qurucusu Sem Uoltonun oğlu Cim Uolton siyahımızın 8-ci sırasındadır. Filmlərdə də bu mağazanı, yəqin, tez-tez görmüsən.

Bankçılıq sahəsinə olan marağı səbəbindən Cim Uolton ailəsinin təsis etdiyi “Arvest Bank” ilə də maraqlanır. Beləliklə, o, hazırda həm “Arvest Bank”ın İdarə heyətinin sədri, həm də “Walmart”ın əsas səhmdarlarından biri kimi fəaliyyət göstərir. Əsas uğuru kimi, ailəsindən qalan şirkət görünsə də, Cim Uolton hər iki kompaniyanın böyüməsində ciddi rol oynayıb.
9. Rob Uolton (149 milyard dollar)
Şirkətləri: Arvest Bank, Walmart Inc.

Rob Uolton siyahıda öz qardaşını 9-cu pillədən izləyir. Lakin qardaşından fərqli olaraq o daha çox “Walmart”ın İdarə heyətinin sədri vəzifəsində fəaliyyət göstərib. 2015-ci ildən etibarən öz vəzifəsindən çəkilməsinə baxmayaraq sahib olduğu səhmlərlə güclü mövqeyə malikdir.

Rob Uoltonun uğurunun əsas səbəbi onun rəhbərliyi dövründə texnoloji baxımdan daimi yeniliklərin tətbiq olunması və müştəri tələbatının nəzərə alınması idi. Onun bu addımları şirkətin satışlarının 13 il ərzində 8.76 dəfə artması ilə nəticələndi.
Nəticə
Siyahıdakı şəxslərin hər biri fərqli sahələrdə uğur qazansa belə, onları birləşdirən ortaq məqamlar var. Çünki onlar dəyişikliklərdən qorxmur, əksinə, texnologiya və yeniliklərlə ayaqlaşmağı bacarırlar. Başqa sözlə, bu şəxslərin uğuru təsadüf deyil.

Həmçinin müştəri tələbatına uyğun hərəkət etmək, risk almaq, sərmayeləri ağıllı idarə etmək və davamlı çalışmaq onların bazarda lider olmalarının əsas səbəbləridir.
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!

Oxşar məqalələr