Şəxsi borclar: Gündəlik tapşırıqları həll etməyin yolları
Limon qazanında biz adətən maliyyə borclarından danışsaq da, bu dəfə mövzumuz başqa borclardır: sosial, iş, ya da gündəlik, amma gözə görünməyən tapşırıqlar. Bu tapşırıqlar sənin beynində, qeydlərində, tapşırıq siyahında yığılır, amma gözünə görünmür.
Təsəvvür et, Ramin yorğun halda işdən evə gəlir, telefonuna baxır və dostundan iki həftə əvvəl gələn mesaja cavab verməyib. Beləcə, etməli olduğu hər şey o an Raminin yadına düşür: ev təmizliyi, kursun tapşırıqları, kommunal ödənişlər…
Bir-birinin ardınca gələn bu xırda xatırlatmalar Raminin qalan enerjisini də yeyir. Hə, bugünkü mövzumuz bu təxirə salınan işlər haqqındadır.
Texniki borc nədir?
Qeyd etdiyimiz təxirə salınan işləri bundan sonra “texniki borc” adlandıracağıq. Bu ifadə proqramlaşdırmadan gəlir və qısamüddətli işləri bitirmək üçün “sonra həll edərik” deyilib ötürülən tapşırıqlardır.
Bu borclar necə yığılır?
Bu kimi borclar işdə, evdə, ya da sosial həyatda bizi tapır. Bəs necə?!
Vacib deyilmiş kimi görünürlər: “Təcili deyil, sonra baxaram” deyərək beyin bu tip tapşırıqları təxirə salır.
Vaxt azdır: Gün ərzində işlər o qədər çox olur ki, xırda tapşırıqlar arxaya keçir.
Üst-üstə gəlib böyüyürlər: Bütün bu tapşırıqlar asan görünsə də, üst-üstə yığıldıqca beyində xaos yaradırlar.
Fəsadları və qurtulmağın yolları
❌ Beyində aktiv olaraq fırlanan bu tapşırıqlar səni daimi stresdə saxlayır və zehni enerjini yeyir. ✅ Tapşırıqların və ediləcək hər şeyin siyahısını çıxar. Beynindəki xaosu vizual hala salaraq bir az da olsa, rahatlaşacaqsan.
❌ Cavabsız mesaj, yazılmayan imeyllər və gecikən, bitməyən tapşırıqların hər biri səndə “borclu” hiss yaradır. Başqa sözlə, özünü günahkar hesab edirsən. ✅ Əgər bir tapşırığı 5-ci dəfə siyahıya salıb yenə etməmisənsə, deməli, çox da önəmi yoxdur. O iş sənin enerjini yeməyə layiq deyil. Təbii ki, bunu hər şeyə aid etmək olmaz.
❌ Əslində, tapşırıqların sadədir, amma beyninə görə, onların hamısı getdikcə çətinləşib. Bu isə ertələmə dövrünü başladır, çünki artıq nəyə haradan başlamaq lazım olduğunu bilə bilmirsən. ✅ Bütün texniki borclarını bir həftədə bağlamağa çalışma. Günə bir tapşırıq əlavə etsən, həftənin sonunda görəcəksən ki, beynin artıq format olunub.
Eyzenhauer matriksi
ABŞ-nin keçmiş prezidenti Eyzenhauerin fikrincə, vacib olanlar nadir hallarda təcili, təcili olanlar isə nadir hallarda vacib olur. Elə bu yanaşmadan doğan və onun adını alan Eyzenhauer matrisi indi məhsuldarlıq tətbiqlərinin təməllərindən biridir. Bu metoda görə tapşırıqları dörd yerə bölməlisən:
Təcili və vacib: İndi et
Vacib, amma təcili deyil: Uyğun tarixə planla
Təcili, amma vacib deyil: Başqasına ötür
Nə təcilidir, nə də vacib: Sil və ya ertələ getsin
Bu metod həm prioritetləri müəyyənləşdirir, həm də “vacib” görünən bütün borclardan səni xilas edir.
Eyzenhauer matriksi
Nəticə
Texniki borclar beynimizdə toplanan “görünməz xərclər”dir. Onları ödəmək üçün nə kredit lazımdır, nə də faiz. Sadəcə bir az diqqət, düzgün plan və hər gün onu tətbiq etmək kifayətdir.
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!