Qarabağ azarkeşinin Çempionlar Liqası səfərləri üçün büdcə planı
UEFA Çempionlar Liqasının yeni qrup formatı “Qarabağ” azarkeşlərinə həm sevincli, həm də həyəcanlı anlar yaşadır. Komandanı meydanda dəstəkləmək hər fanat üçün xüsusi bir hissdir, amma, təəssüf ki, bu qürur dolu hissləri yaşamağın bir qiyməti var. UEFA-nın qaydalarına görə, səfər sektorundakı biletlər maksimum 60 avro ola bilər. Deməli, büdcənin böyük hissəsi uçuş və hotelə xərclənəcək.
Lissabon səfəri — “Benfica” qarşılaşması
Qarabağın ilk səfər oyunu 16 sentyabrda Portuqaliyanın Lissabon şəhərində “Estádio da Luz” stadionunda “Benfica” ilə keçiriləcək. Bakıdan Lissabona gediş-gəliş biletləri orta hesabla 218 avro, iki gecəlik hotel isə təxminən 306 avro təşkil edir. Qeyd etdiyimiz kimi, stadiona giriş isə 60 avrodur. Hə, yemək və şəhər nəqliyyatı üçün də əlavə olaraq 120 avro xərcləmək lazım gələcək. Odur ki bu səfərin ümumi büdcəsi 728 avro, yəni təxminən 1450 manat edir.
Üstəlik, Portuqaliyaya daxil olmaq üçün şengen vizası tələb olunur. Hazırda vizanın rüsumu təxminən 80 avrodur (≈160 AZN).
Bilbao səfəri — “Athletic Club” qarşılaşması
22 oktyabrda Qarabağ İspaniyanın Bilbao şəhərində meydana çıxacaq. “San Mamés” stadionunda keçiriləcək oyuna getmək üçün Bakıdan Bilbaoya uçuş qiymətləri 350–480 avro arasında dəyişir. İki gecəlik hotel təxminən 236 avroya başa gəlir. Üstəlik, 60 avroluq bilet, gündəlik yemək və nəqliyyat xərcləri ilə birlikdə ümumi büdcə 796 avro, yəni 1580 manat ətrafında formalaşır.
Büdcəyə şengen vizasını da əlavə etsək, təxmini 1750 manatla azarkeşlər “Qarabağ”ı İspaniyada dəstəkləyə bilər.
Neapol səfəri — “Napoli” qarşılaşması
Növbəti dayanacaq İtaliyanın Neapol şəhəridir. Belə ki, 25 noyabrda Qarabağ əfsanəvi mərhum futbolçu Diego Maradona adına olan “Stadio Diego Armando Maradona”da “Napoli” ilə qarşılaşacaq. Bakıdan Neapola uçuşların qiyməti təxminən 255–266 avro arasında dəyişir. İki gecəlik hotel 140–190 avro ətrafındadır. Stadiona giriş bileti 60 avro təşkil edir, yemək və nəqliyyat isə əlavə olaraq 120 avrodan yuxarı ola bilər. Bu səfərin ümumi qiyməti orta hesabla 648 avro, yəni 1,290 manatdır.
Burada, təbii ki, yenə tranzit reysi olacaq. Buna görə də səyahət zamanı pula qənaət etmək üçün Bakıdan birbaşa Milana, daha sonra “Flixbus” vasitəsilə Neapol şəhərinə səfər etmək 80–100 avronu cibində saxlayacaq.
Liverpul səfəri — “Liverpool” qarşılaşması
Qarabağın son səfər oyunu yanvar ayının 29-u İngiltərənin Liverpul şəhərində “Anfield” stadionunda baş tutacaq. Gediş-gəliş biletləri təxmini 250–270 avro civarındadır. İki gecəlik hotel qiyməti 150–250 avro arası dəyişir. İki günlük yemək xərcləri təxminən 90–100 avro arası olacaq.
Digər səfər oyunlarından fərqli olaraq İngiltərə şengen ərazisi olmadığına görə səfər üçün Böyük Britaniya vizası lazımdır. Ən çətin və vaxt tələb edən viza olduğundan vizaya 2–3 ay əvvəldən müraciət etmək mütləqdir. Viza xərclərini də toplasaq, ümumi büdcə 1117–1356 AZN arası edir.
Nəticə
“Qarabağ”ı Çempionlar Liqasında dəstəkləmək üçün bir oyuna səfər xərcləri təxminən 1300–1600 manat arasında dəyişir. Hər dörd oyuna getmək istəyən azarkeş isə ən azı 6000 manatlıq büdcəni kənara ayırmalıdır.
Görünür, futbol sevgisi ucuz deyil, amma əminik ki, yaşanan emosiyalar, həyacan və fəxr hissi bütün bu xərclərə dəyir.
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!