2026-2030 üçün əmlak bazarı proqnozu: Qiymətlər artacaq, yoxsa “şar” partlayacaq?
Son illər hamını maraqlandıran suallardan biri də budur: “Ev alım, yoxsa gözləyim?”, “Qiymətlər şişirdilib, yoxsa bu hələ başlanğıcdır?”
Əgər sən də əmlak bazarındakı qeyri-müəyyənlikdən baş açmaq istəyirsənsə, doğru ünvandasan. Bu gün 2026-2030-cu illəri əhatə edən əmlak bazarı proqnozlarını limon kimi sıxıb şirəsini sənə təqdim edəcəyik. Çünki bu məqalədə peşəkarların proqnozlarını bir yerə toplamışıq.
“Şişirdilmiş şar” söhbəti və reallıq: Keçmişdən nə öyrəndik?
Xatırlayırsansa, son 5 ildə (2021-2025) ekspertlərin çoxu “əmlak bazarı şişirdilib, partlayacaq” deyirdi. Reallıq isə tam əksini göstərdi. Belə ki, həm Bakıda, həm də turistik rayonlarda daşınmaz əmlak və torpaq qiymətlərində ciddi artımlar müşahidə olundu.
Təhlillərə görə, bu artımın əsas səbəbləri sadə iqtisadi faktorlara dayanır:
Tikinti normalarının sərtləşdirilməsi: Bu həm rəsmi, həm də qeyri-rəsmi xərcləri artırıb.
ƏDV-nin tətbiqi: Yeni tikililərin maya dəyərinə birbaşa təsir edən amil.
Alternativsizlik: Daşınmaz əmlak hələ də ölkədə yeganə təhlükəsiz və risksiz investisiya aləti hesab olunur.
Proqnoz: Qiymətlər hara gedib çıxacaq?
Proqnozlara görə, qiymətlər yüksəlməyə davam edəcək, lakin artımın sürəti əvvəlki 5 ilə nisbətən yavaş olacaq.
Əsas diqqət çəkən məqam premium binalar və mənzillərdir. Yeni tikilən binanın maya dəyəri 10 il əvvələ baxdıqda 2.5-3 dəfə baha başa gəldiyi üçün tikinti şirkətləri riskləri azaltmaq və marjanı qorumaq naminə daha çox premium layihələrə üstünlük verirlər. Başqa sözlə, hətta bünövrə mərhələsindəki premium layihələrin qiymətləri ətrafdakı hazır və təmirli mənzillərdən daha baha ola bilər.
İnvestisiya üçün doğru yerlər: Hara yatırım etməli? Bakının 2040-cı il Baş planına görə, şəhərin çoxmərkəzli inkişaf modelinə keçdiyi vurğulanır. Məqsəd 28 May-İçərişəhər zonasına insan axışının qarşısını almaqdır. Digər ərazilərdəki populyar layihələrdə isə vəziyyət belədir:
Ağ Şəhər: Layihə uğurlu olsa da, indiki fantastik qiymətlərlə investisiya etmək məntiqli görünmür. Şəhərdə daha yaxşı ROI (Gəlirlilik səviyyəsi) vəd edən alternativlər var.
Sea Breeze: İnfrastrukturun öncədən planlaşdırılmaması səbəbindən orta və uzun müddətdə problemlər yarana bilər. Lakin qeyd olunur ki, əgər yeni tikiləcək kazinoya yaxın və ödənişi manatla olan sərfəli təklif tapsan, dəyərləndirmək olar. Dənizə çox yaxınlıq isə üstünlük yox, əksinə, korroziya riskidir.
Məqalədə qeyd edilən məlumatlar qətiyyən investisiya tövsiyəsi deyil və yalnız məlumat xarakteri daşıyır.
Həyət evləri və torpaq
Torpaq alıb ev tikmək arzun varsa, sənə pis xəbərimiz var… Bu seçim artıq sərfəli deyil. Torpaq qiymətləri o qədər artıb ki, hazır həyət evi alıb onu kosmetik təmir etmək sıfırdan ev tikməkdən ən azı 2 dəfə ucuz başa gəlir.
Tövsiyə olunan ərazilərə isə Bülbülə, Əmircan, Keşlə, “Ulduz” metrosu ətrafı, “Papanin”, “NZS” və Həzi Aslanov qəsəbəsi daxildir. Bu ərazilər şəhərə yaxındır, lakin söküntü riskini nəzərə alaraq renovasiyaya böyük məbləğ yatırmamaq məsləhətdir.
Alıcılar üçün qızıl qaydalar
Hə, ev almaq istəyənlər üçün vacib məsləhətlərimiz:
Likvidlik: Mənzil bazarında Nərimanov və Yeni Yasamal əraziləri liderliyini qoruyur. Buradakı 1+1 mənzilləri satmaq həmişə rahatdır.
Risk: Tikilməkdə olan binalardan ev almaq ən böyük qazancı vəd etsə də, çıxarışsız və bazar qiymətindən şübhəli dərəcədə ucuz satılan mənzillərdən uzaq qal.
Təmir hiylələri: “Təmirdən sonra yaşayış olmayıb” deyən elanlara ehtiyatla yanaş. Satıcılar mənfəəti artırmaq üçün adətən ucuz materiallardan istifadə edirlər.
Dəyişməyən faktorlar: Təmiri dəyişə bilərsən, amma qonşuları, binanın həyətini və parkinq problemini pulla həll etmək mümkün deyil. Odur ki bunlara diqqət etməyini tövsiyə görürük.
Sözümüzün canı
Unutma, daşınmaz əmlak səbir və dərin analiz tələb edən sahədir. Həmişə dediyimiz kimi, pulu qazanmaq çətindir, onu doğru idarə etmək isə əsl sənətdir.
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!