25.08.2025
Zabeta
/müəllif

Məktəb alış-verişi: 2025-ci ildə valideyn bələdçisi

Havada artıq payızın qoxusu var və bu o deməkdir ki, məktəb mövsümü qapıdadır. Valideynlər üçün bu həm həyəcanlı, həm də bir az yorucu bir dövrdür. Çünki qarşıda uzun siyahı gözləyir: forma, çanta, dəftərlər, qələmlər, idman ləvazimatları və saysız-hesabsız xırdalıqlar. Valideyn qruplarında “Formanı haradan alaq?”, “Əlavə iş dəftərləri olacaq?” kimi suallar artır. Sosial şəbəkələrdə isə “Back to school” endirim elanları bir-birini əvəz edir. Uşaqlar üçün ən yaxşısını almaq istəyirik, amma büdcəyə qənaəti də əldən vermək olmaz.
Məktəb alış-verişinin orta xərcləri
Bu il qiymətlər bir az dəyişib, seçimlər isə çoxalıb. Ona görə gəlin birlikdə baxaq, məktəb hazırlığı orta hesabla neçəyə başa gəlir, siniflər üzrə xərclər necə dəyişir və ən əsası, necə daha az pul xərcləyib uşaqları tam hazır edə bilərik.

Məktəb forması
Bir çox məktəblərdə forma məcburidir. Sadə parça və bir dəst (şalvar/ətək, pencək, köynək) 70–120 AZN arasıdır. Keyfiyyətli parça, daha yaxşı tikiş və iki dəst alındıqda isə məbləğ 200 AZN və yuxarı ola bilər.

Məktəb çantası
Uşaq üçün rahat və yüngül çanta seçmək vacibdir. Bazarda adi modellər 25–40 AZN arasında tapılır. Ortopedik, bel dəstəkli və keyfiyyətli modellər isə 80–100 AZN. Əgər xarici brendlərdən seçsəniz, qiymət daha da yüksələ bilər.

Ayaqqabı
Məktəb ayaqqabısı və dəyişmə ayaqqabı birlikdə 80–150 AZN arasıdır. Ayaqqabıda keyfiyyət çox vacibdir, çünki ucuz variantlar tez xarab olur və dərs ortasında yenisini almağa məcbur ola bilərsiniz.

Məktəb ləvazimatları
Burada əsas xərclər dəftər, qələm, karandaş, silgi, xətkeş, rəngli qələmlər, flomaster, boya, yapışqan və s. daxildir. Ən sadə və yerli markalarla 50–60 AZN arası, keyfiyyətli və brend məhsullarla isə 120–150 AZN arası başa gəlir. Kiçik uşaqlar üçün daha çox rəsm və əl işləri materialları lazım olduğundan məbləğ arta bilər.

Əlavə xərclər
İdman forması 30–80 AZN, idman ayaqqabısı 40–90 AZN, kitab və dəftər üzlükləri 5–10 AZN, idman çantası 10–30 AZN. Bundan əlavə, il ərzində əlavə dərslər və layihələr üçün xırda alış-verişlər də olur.

Beləliklə, bir uşağı məktəbə hazırlamaq Azərbaycanda 250–500 AZN arası başa gəlir. Əgər texniki avadanlıqlar (notbuk, planşet) da daxil edilərsə, bu rəqəm daha da arta bilər.
Siniflər üzrə təxmini xərclər
İbtidai sinif (1–4)
Əsas fokus yazı-pozu ləvazimatları və rahat çantadır. Rəsm və əl işi dərsləri çox olduğu üçün boya, plastilin, albom kimi əlavə xərclər ola bilər. Təxmini 250–350 AZN deyək.

Orta sinif (5–8)
Daha çox dərslik, dəftər və mövzular üçün xüsusi ləvazimatlar (kompas, qrafik dəftərlər və s.). Formanın və çantanın keyfiyyətinə görə 300–450 AZN.

Yuxarı sinif (9–11)
Burada artıq texnologiya işin içinə girir, məsələn, notbuk/planşet, hesablama cihazları, hazırlıq kursları üçün dəftərlər. Bir sözlə, 400–600+ AZN ilə ən bahalı mərhələyə gəlib çatdıq.
Ekonom hazırlıq üçün “life hack”lər
  • Alış-verişi hissə-hissə et: Hər şeyi bir gündə alma, iyul və avqustdan yavaş-yavaş başla. Belə olanda həm büdcə yüklənmir, həm də seçimin geniş olur.

  • Endirim ovuna çıx: Onlayn mağazalar, endirim günləri (məsələn, “Back to School” kampaniyaları) çox fərq yaradır.

  • Ötən ildən qalanları qiymətləndir: Keçən ilin çantasını, hələ təmiz və işlək olan ləvazimatları istifadə et.

  • Keyfiyyətə yatırım et: Ucuz məhsul tez xarab olur, sonra yenidən almaq məcburiyyətində qalırsan.

  • Uşaqla birlikdə seç: O, seçdiklərini sevərsə, əşyalarına daha çox diqqət edəcək və tez xarab etməyəcək.

  • Alış-veriş siyahısını hazırla: Öncədən siyahı tutmaq xərclərin nəzarətdə qalmasına kömək edir və lazımsız şeyləri almaq ehtimalını azaldır.

  • Topdan və ya paket endirimlərindən istifadə et: Dəftərlər, qələmlər və digər ləvazimatları paket şəklində almaq həm ucuz başa gəlir, həm də sonradan yenidən almaq ehtiyacını azaldır.

  • Uşağın ehtiyaclarını prioritetləşdir: Hər şeyi almağa tələsmə, əsas dərsliklər və ləvazimatları əvvəlcə hazırla, əlavə aksesuarları isə daha sonra al.

  • Ödənişləri planla: Bəzi mağazalar aylıq ödəniş və ya kreditlə alma imkanı verir. Bu da büdcəni bir anda yormadan xərcləri yaymağa kömək edə bilər.
Dərsin sonu
Belə qərara gəlirik ki, planlı və ağıllı yanaşmaqla büdcəni qoruyaraq uşağı tam hazır edə bilərsən. Siyahı tutmaq, endirimləri izləmək, keçən ilin ləvazimatlarından istifadə etmək və alış-verişi mərhələlərlə etmək böyük fərq yaradır.

Unutma ki, əsas məqsəd uşaq üçün rahat və xoş bir məktəb təcrübəsi yaratmaqdır. Qiymətlər dəyişir, dəb gedir, amma uşağın rahatlığı və qazandığın sakit büdcə hər zaman səninlə qalacaq.

Oxşar məqalələr