Gizli gəlir mənbəyi: İşlətmədiyin əşyalar sənə işləsin
Yəqin, sənin də evdə “bəlkə, lazım olar” dediyin çox əşya var. Köhnə telefonlar, sıradan çıxmış əşyalar, illərdir, geyinmədiyin geyimlər… Bəs bu əşyalardan gəlir əldə etməyi heç düşünmüsən?
Bəziləri bu işə passiv gəlir mənbəyi kimi baxır, bəziləri isə vaxt itkisi hesab edir. Gəl hər iki tərəfin də fikirlərinə baxaq və sonda sualımıza cavab tapaq: Doğrudan da, bu əşyaları satmağa dəyər?
👍 Artıq əşyaları satmaqla evdə yer açılır
Bu “lazımsız” əşyaları satmaq sadəcə qazanc deyil, həm də azadlıqdır. Onlardan qurtulmaqla dolabda, eyvanda, hətta zirzəmidə yer aça bilərsən. Bu həm də evə yeni nəfəs gətirəcək.
Narahat olma, köhnə stol, sovetdən qalmış lampa belə öz alıcısını tapır. Nəticədə, sən də evi boşaltmış, cibini doldurmuş olacaqsan.
👎 Satmaq vaxt və səbir tələb edir
Evdə yer açıb həm də gəlir qazanmaq yaxşı səslənir, amma bu qədər də asan deyil. Hər bir əşya üçün elan yerləşdirmək, şəkil çəkmək, qiymət təyin etmək, mesajları cavablamaq — bunların hamısı vaxt aparır. Hətta bəzən qazandığın 15 manat itirdiyin saatlara belə dəymir. Buna görə də bir çoxu ucuz əşyaları satmaq əvəzinə bağışlamağı — ianə etməyi seçir.
👍 Ən azından pulun bir hissəsini geri alırsan
Qeyd etdiyimiz kimi, bu əşyaları satmaq çox böyük qazanc gətirməsə də, itkini bir az da olsa, azaldır. Məsələn, 100 manata aldığın ayaqqabını 40 manata satırsansa, özünü 60 manat zərərdə yox, 40 manat qabaqda hiss edirsən. Bunu bir növ keşbek kimi də düşünə bilərsən.
👎 Müştərilər az verib çox götürmək istəyir
Gəldik işin ən çox səbir tələb edən hissəsinə, yəni müştərilərə. Kimi endirim istəyir, kimi pulsuz çatdırılma, kimi isə məhsulu bron edib bir daha yazmır. Gəlir qazanmaq istədiyin yerdə həm vaxtını, həm də sakitliyini itirirsən. Buna görə də insanlar heç bu işə başlamaq belə istəmir.
👍 Əşyalar ikinci həyat tapır
Bu cür əşyaları satmaq, əslində, onları yenidən həyata qaytarmaqdır. Başqa sözlə, sənə lazım olmayan başqasının gününü xilas edə bilər.
Bununla sən başqalarının xoşbəxtliyinə də səbəb ola bilərsən; oyuncaq satırsan və ata onu oğlunun ad gününə hədiyyə kimi alır. Nəticədə, həm sən, həm ata, həm də oğlu qazanmış oldu.
📌 Yeni nəslin yenidən istifadə mədəniyyəti
Əlavə olaraq qeyd edək ki, Z nəsli bu yanaşmanı çoxdan mənimsəyib. Onlar üçün əşyanın, xüsusilə də, geyimin yeni olması şərt deyil. Əsas odur ki, o, işlək və keyfiyyətli olsun. Brend geyimlər, vintaj saatlar və aksesuarlar sayəsində bu nəsil yenidən istifadə mədəniyyətinin mərkəzində dayanır.
Hansı nəticəyə gəldik?
İşlətmədiyin əşyalar səssizcə evdə yer tutur, heç xəbərin olmadan zehnini doldurur. Düzdür, bəzən az qazanır, ya da gərgin müştəri ilə rastlaşırsan. Amma vaxtın və səbrin varsa, bu işlə məşğul olub bir neçə ayın sonunda büdcənə əlavə dəstək ola bilərsən.
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!