“Hermès Kelly” çantası: Dəb çılğınlığı, yoxsa ağıllı investisiya?
Ötən il "Hermès Kelly" ikinci əl bazarında ən bahalı çantaya çevrildi və hətta əfsanəvi "Birkin" modelini də geridə qoydu. 90 ilə yaxındır ki, bu model öz statusunu qoruyur və hər dəfə yeni nəsillər tərəfindən yenidən "kəşf olunur". Bəs "Kelly", doğrudan da, yaxşı investisiyadır, dəb seçimidir, yoxsa kimsə yenə trendlərin qurbanına çevrilir?
“Hermès Kelly” necə ərsəyə gəldi?
“Hermès” 19-cu əsrin ikinci yarısında atçılıq üçün avadanlıq istehsal edirdi. Brendin qurucusu Thierry Hermès-in müştəriləri arasında Avropanın varlı aristokratları, o cümlədən III Napoleon və həyat yoldaşı Evgeniya da var idi.
1892-ci ildə brend ilk çantasını — "Haut à Courroies" modelini təqdim etdi. O, yəhər və çəkmə daşımaq üçün nəzərdə tutulmuşdu. 1930-cu illərdə isə həmin modeldən ilhamlanaraq "Sac à Dépêches" adlı daha kompakt və kəmərli çanta işıq üzü gördü. Məhz bu model sonradan "Kelly" adını alacaqdı.
“Kelly” necə məşhurlaşdı?
1954-cü ildə Alfred Hitchcock-un “To Catch a Thief” filmində aktrisa Grace Kelly-nin obrazı “Sac à Dépêches” modelini daşıyırdı. Filmdən sonra o, bu çantanı gündəlik həyatda da istifadə etməyə başladı.
Real dönüş nöqtəsi isə bir neçə il sonra baş verir. Günlərin bir günündə Grace Kelly hamiləliyini kameralardan gizlətmək üçün həmin çantanı qarın nahiyəsində tutaraq gündəm olur. Bu fotolar sürətlə yayılır və insanlar “Kelly-nin çantası”ndan istəməyə başlayırlar.
“Hermès” heyranları tərəfindən qərar çoxdan verilsə də, brend modeli rəsmi olaraq 1977-ci ildə “Kelly” adlandırdı.
“Kelly” modelini bu qədər xüsusi edən nədir?
Əl işi istehsal: Brendin hər çantasını bir usta sıfırdan hazırlayır. Təxminən 36 detal dəri istifadə olunur və proses 20-25 saat çəkir. Xüsusi tikiş texnikası isə maşınla təkrarlana bilmir və ustalar onu öyrənmək üçün bir ildən çox təlim keçirlər.
Premium materiallar: Bəzi modellər dəvəquşu, timsah və kərtənkələ dərisindən hazırlanır. Hətta bəzən limitli versiyalar brilyantlarla da bəzədilir. Məsələn, “Kelly 28 Himalaya” buraxılışı bir neçə il öncə hərracda 510 min dollara satılıb.
Klassik dizayn: Sərt trapesiya forması, qapaqlı ön hissə və incə kəmərli bu dizaynın müəllif hüquqları 1949-cu ildən “Hermès”ə məxsusdur.
Sərhədsizlik: “Kelly”ni həm qadınlar, həm də kişilər istifadə edir. Məsələn, Beyoncé, David Beckham, hətta A$AP Rocky. Məşhurlar fərqli tərz geyimlərlə bu çantanı daşıyaraq modelin nə qədər adaptiv olduğunu göstərirlər.
“Kelly”, həqiqətən, investisiyadır?
“OpenLuxury” platformasının qurucusu James Firestein “Kelly” çantasını Pikassonun əsərləri ilə müqayisə edir. Onun sözlərinə görə, model son 10 ildə qızıldan daha yüksək gəlir gətirib. 2025-ci ildə “Kelly Mini II” modeli ilkin qiymətindən 282 % artım göstərib. Görünür, məsələ artıq dəbdən daha artığıdır.
“Kelly”ni necə almaq olar?
Təəssüf ki, Azərbaycanda rəsmi “Hermès” mağazası yoxdur. Olsa belə, “Kelly” çantalarını əldə etmək elə asan deyil. Əvvəlcə brendlə “münasibət” qurmalı, başqa sözlə, digər məhsullara on minlərlə dollar xərcləməlisən. Bu satış modeli qeyri-rəsmi olaraq “Hermès Game (Hermès oyunu)” adlanır. Yəni adətən seçim şansın olmur, hansı model təklif edilirsə, onu da qəbul etməlisən.
Təzəlikcə fransız mediasında çıxan xəbərlərə görə, seçim meyarları arasında aşağıdakılar da yer alır:
sosial media profilin;
geyim tərzin;
yaşadığın ünvan.
Sözümüzün canı
“Kelly” bazar baxımından dəyər qazanan nadir dəb məhsullarındandır. Qiymətini isə status, əl işi, tarix və süni çatışmazlıq strategiyası formalaşdırır. Əgər məqsədin qazanmaqdırsa, “Kelly” məntiqli seçim ola bilər, əgər onu əldə edə bilsən… Yox, məqsədin sadəcə dəbli görünməkdirsə, sərfəli variantlara müraciət etməyin məsləhətdir.