Yeni başlamısansa, kriptovalyuta bazarı sənin üçün də çox çətin görünə bilər. Müxtəlif koinlər, dəyişkən qiymətlər, sosial şəbəkələrdə hər gün yeni söhbətlər və daha nələr-nələr… Sən də, yəqin, öz-özünə sual verirsən: “Hansı koinlərə etibar edə bilərəm ki, pulum batmasın?”
Məqalədə qeyd edilən məlumatlar qətiyyən investisiya tövsiyəsi deyil və yalnız məlumat xarakteri daşıyır.
Bitkoin (BTC) — kriptonun əsası
Bitkoini kripto bazarının təməli adlandıra bilərik. 2009-cu ildə yaranan koin bu günə qədər bazardakı ən böyük kapitalizasiyaya sahibdir. Bir çox insan üçün Bitkoin adi valyuta yox, investisiya və dəyər saxlama alətidir. Onun əsas üstünlükləri:
İllərdir işləyən və sınaqdan keçmiş şəbəkə;
İnstitusional investorlar tərəfindən istifadə.
Məhz buna görə Bitkoinə tez-tez “rəqəmsal qızıl” deyirlər. Qiyməti dəyişkən ola bilər, amma bazarın ən stabil aktivlərindən biridir.
Ethereum (ETH) — bir koindən daha çoxu
Ethereum Bitkoindən sonra ikinci ən böyük kriptovalyutadır. Onu fərqli edən tərəfi isə sadəcə pul köçürmək üçün yox, ağıllı müqavilələr və tətbiqlər üçün platforma olmasıdır. Onun güclü tərəfləri:
DeFi, NFT və Web3 kimi layihələrin böyük hissəsi ETH üzərində qurulub;
Çox sayda proqramçı hazırda bu layihəni inkişaf etdirir;
İllərdir, istifadə olunur.
Qiymət baxımından stabillik vəd etməsə də, texnoloji baxımdan kripto ekosisteminin əsas sütunlarından biri Ethereumdur.
Risk sevməyənlər üçün stabil koinlər
Təbii ki, kriptoda hamı yüksək risk istəmir. Stabil koinlər də məhz bunun üçün var. Bu koinlər real valyutalara (əsasən, ABŞ dolları) bağlı olur. Ən tanınmış stabil koinlər isə aşağıdakılardır:
USDT (Tether);
USDC (USD Coin).
Onların məqsədi qiymət artımı yox, adından da göründüyü kimi, sabitlikdir. Bir sözlə, “1 USDT ≈ 1 $” prinsipi ilə işləyirlər. Stabil koinlər nə üçün lazımdır:
Qiymət dalğalanmalarından qorunmaq üçün;
Al-sat zamanı vəsaiti bazarda saxlamaq üçün;
Kriptoya yeni başlayanlar üçün daha rahat giriş nöqtəsi kimi.
Digər məşhur və etibarlı koinlər
Bitkoin və Ethereumdan əlavə, bazarda illərdir, mövcud olan və müəyyən etibar qazanan layihələr var:
BNB (Binance Coin) — dünyanın ən böyük kripto birjalarından biri ilə əlaqəli koin;
XRP (Ripple) — beynəlxalq ödənişlər üçün fokuslanmış koin;
Cardano (ADA) — daha çox elmi və mərhələli inkişaf yanaşması ilə tanınan koin;
Litecoin (LTC) — Bitkoinə bənzər, amma daha sürətli əməliyyatlar təklif edən koin.
Təbii ki, bu koinlər tam risksiz deyil, amma naməlum koinlərlə müqayisə etsək, daha stabil sayılırlar.
Mem koinlər
“Dogecoin” və “Shiba Inu” kimi koinlər vaxtilə sosial mediada məşhurlaşmış ola bilər, amma onların stabilliyi daha çox trendlərdən asılıdır. Uzunmüddətli etibarlılıq baxımından bu tip koinlər yüksək risk daşıyır.
Sözümüzün canı
Kriptoda etibarlılıq anlayışı kifayət qədər qəliz olsa da, aşağıdakı kriteriyalar sənə seçim etməkdə kömək edə bilər:
Bazarda uzun mövcudluq müddəti;
Böyük bazar kapitalizasiyası;
Real istifadə sahəsinin mövcudluğu;
Aktiv inkişaf.
Yeni başlayanlar üçün məsləhətimiz odur ki, əvvəlcə bazarın əsas oyunçularını öyrən, sonra riskli layihələrə də baş çəkərsən.