pulları ram edir!
Pullar
Faydalı bilgilər
Mini məqalələr
Şəxsi təcrübə
29.01.2026
Farid
/müəllif

Kredit borcunu qaytarmasan, nə olar?

Bir vaxtlar kredit götürmək mümkünsüz kimi idi… İndi isə bu çox asanlaşıb və kiçik ehtiyaclar üçün belə hər kəs kredit götürür. Elə statistikalar da bunu təsdiqləyir.

Belə ki, Mərkəzi Bankın məlumatına görə, 2025-ci il dekabrın 1-nə Azərbaycanda bank və kredit təşkilatlarının ümumi kredit portfeli 31,45 milyard manat olub. Ödəmə vaxtı keçmiş, yəni gecikən kreditlər isə 557,6 milyon manat təşkil edir.

Hamını maraqlandıran sual isə budur: “Kredit borcumu qaytarmasam, mənə nə ola bilər?” Məqalədə bunu sadə dillə izah etməyə çalışacağıq.
Əsas məsələ
İlk olaraq bundan başlayaq ki, Azərbaycanda kredit borcuna görə birbaşa həbs nəzərdə tutulmur. Bu həm qanunvericiliyə, həm də beynəlxalq öhdəliklərə ziddir:
— Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. (Avropa İnsan Hüquqları Konvensiyası, 4 saylı Protokol, Maddə 1)
Bankın atdığı addımlar
Bankın əlində yalnız mülki-hüquqi alətlər var və proses mərhələli formada irəliləyir:
  • Bankın xəbərdarlığı və danışıqlar mərhələsi: Bu zaman bank ödəniş qrafikini dəyişə, möhlət verə və ya aylıq məbləği azalda bilər.
  • Məhkəmə mərhələsi: Bank borcun tutulması üçün məhkəməyə müraciət edir. Məhkəmə borcun mövcudluğunu, müqavilənin qanuniliyini və borclunun real imkanlarını araşdırır. Qərar bankın xeyrinə çıxarsa, iş icra məmuruna ötürülür.
  • İcra mərhələsi: İcra məmuru borcluya 10 gün vaxt verir ki, ödənişi könüllü etsin. Əgər ödəniş edilməzsə, icra tədbirləri başlayır.
Əmlaka əl qoyulması
Əgər kredit girovludursa, girov açıq hərracla satıla bilər. Borclunun adına daşınmaz əmlak və ya avtomobil varsa, onlar da icraya cəlb edilir. Bəzi hallarda yeganə yaşayış evi toxunulmaz sayılır.
Bundan əlavə, borcun ödənişi maaşdan da tutula bilər, amma məhdud şəkildə. Əgər rəsmi gəlir varsa, maaşın maksimum 50 faizi tutulur ki, yaşayış minimumu borcluya və ailəsinə qalsın.

İnzibati və ya cinayət məsuliyyəti
Məqalənin əvvəlində də qeyd etdiyimiz kimi, borcunu ödəyə bilməyən şəxslər üçün birbaşa həbs nəzərdə tutulmayıb. İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən, cərimə və ya həbs halları o halda tətbiq oluna bilər ki:
  • Məhkəmə qərarı var və borclunun, əslində, borcunu ödəyə bildiyi sübut olunub. Lakin borclu qərəzli şəkildə icradan yayınır.

Bu halda cərimə və istisna hallarda 1 aya qədər inzibati həbs mümkündür. Bununla yanaşı, Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən, məhkəmə qərarının bilə-bilə icra edilməməsi halında uzunmüddətli və sübut olunmuş qərəz olduqda cərimə, həmçinin həbs tətbiq edilir.
Əlavə qeydlər
Əgər məhkəmə qərarı varsa və qərar üzrsüz səbəbdən icra olunmursa, ölkədən çıxışa qadağa qoyula bilər. Əks halda, sadəcə kredit borcunun olması ölkədən çıxışa mane deyil.

Digər məsələ isə zaminlər və ailə üzvləri ilə bağlıdır. Zamin borca tam məsuliyyət daşıyır. Borclu vəfat edərsə, kreditor ilk növbədə vərəsələrə müraciət edir. Vərəsə mirası qəbul edibsə, miras payı qədər borca cavabdeh sayılır. Vərəsə mirası qəbul etməyibsə, borca görə məsuliyyət daşımır. Bunun qarşısını almaq üçün banklar və digər təşkilatlar kreditlə birgə Kredit Həyat Sığortası da təklif edir.
Kredit borcunu niyə vaxtında ödəmək lazımdır?
Kredit borcunu niyə vaxtında ödəmək lazımdır?
Burada məsələ yalnız qanundan, cərimələrdən və ya hansısa cinayətdən ibarət deyil. Gecikmələr birbaşa sənin kredit tarixçənə təsir edir və bu da gələcək maliyyə planlarını çətinləşdirə bilir. Bundan əlavə, borclu olmaq daimi stres, dayanmayan zənglər və nəticədə psixoloji yükə bərabərdir.
Sözümüzün canı
Borcu vaxtında qaytarmaqla kredit tarixçəni təmiz saxlayır, faiz xərclərini azaldır, üstəlik, gələcək maliyyə imkanlarını genişləndirirsən. Ona görə də unutma ki, kredit tarixçən gələcək imkanlarının açarıdır.
25 000 ₼-dək kredit
Ehtiyaclarını qarşılayacaq krediti cəmi 2 dəqiqəyə və tamamilə onlayn formada əldə edə bilərsən.

Oxşar məqalələr