Bakıda avtomobil sahibi olmağın illik xərci nə qədərdir?
Avtomobillərlə bağlı artıq məqalələrimiz çoxdur… Maşınların sayı kəskin artıb, sürücü olmaq streslidir və xərcləri çoxdur. Bəs, doğrudan da, Bakıda avtomobil sahibi olmaq illik neçəyə başa gəlir?
Məqaləmizdə nümunələri və cavabları ucuz, orta və bahalı maşınlarla göstərəcəyik. Nəticə sənə də maraqlıdırsa, kəmərləri bağla, gedək!
Ucuz klassika: VAZ 2107
Birinci misalımız “Sovetin vaxtında” əfsanəyə çevrilən və insanlar tərəfindən hələ də sevilən VAZ 2107-dir. Qiyməti 2 000–15 000 arasında dəyişən 07-ni normal vəziyyətdə 5 000-ə əldə etmək olar. Bəs bu maşının illik xərcləri?
Deyək ki, il ərzində 10 000 km sürmüsən. 07-nin benzin sərfiyyatını da 100 km üçün təxmini 10 litr və 1 litr 92-nin qiymətini 1.15 ₼ nəzərdə tutsaq, illik yanacağa xərclədiyin məbləğ təxmini 1150 ₼ təşkil edəcək.
Avtomobilin texniki baxışı və xırda təmir işləri də vacib məqamlardandır. İldə 10 000 km yol getmisənsə, deməli, maşının yağını 2 dəfə dəyişdirmisən. Bura daxil olan digər xərclər isə təxmini aşağıdakı kimidir:
Mühərrik yağı və filtr (İldə 2 dəfə); 120–150 ₼
Benzin filtri və ya mühərrik şamları; 40–80 ₼
Xırda təmir və usta pulu; 100–150 ₼
Təkərlər (3 ildən bir dəyişməklə); 40 ₼ (3 il ərzində 120 ₼)
İcbarı sığorta; 50 ₼
Texniki baxış rüsumu; 30 ₼
Digər ehtiyat hissələri (Əyləc, mufta, amortizasiya); 200–300 ₼
07 həvəskarlarını tanıyırıq, onlar maşınlarını təmiz və parlaq saxlamağı sevirlər. Odur ki avtoyuma xərclərini nəzərə almasaq, olmazdı. Ayda 10 avtoyuma edildiyini saysaq və bir avtoyumanı 1.50 ₼-dan dəyərləndirsək, ilə 180 ₼ xərc edir. Gözlənilməz xərclər də 250 ₼ etsə, VAZ 2017 kimi avtomobil üçün illik xərc haradasa 2730 ₼ edə bilər.
Orta seqment: Subaru Forester
İkinci nümunəmiz el arasında "Forik" kimi də tanınan, ralli əfsanəsinə çevrilmiş "Subaru Forester" modelidir. Bu model ilinə, mühərrikinə və vəziyyətinə görə bazarda fərqlənir. Normal vəziyyətdə olan "Forester"i 20 000−25 000 ₼ aralığında tapmaq olar.
Başlayaq elə yanacaq sərfiyyatından. "Forester" üçün şəhər və qarışıq rejimdə 100 km-ə orta hesabla 13 litr benzin sərfiyyatı real göstərici sayılır. 1 litr AI-95 benzinin qiymətini 1.60 ₼-dan dəyərləndirsək, ildə sürdüyün 10 000 km sənə 2080 ₼-a başa gələcək.
Mühərrik yağı və filtr dəyişimi (İldə 2 dəfə); 400–500 ₼
Digər servis işləri (Hava və salon filtrləri, əyləc və s.); 700–900 ₼
Mühərrik şamları, diferensial, CVT mayeləri və s.; 800–1000 ₼
Gövdə, digər ehtiyat və xırda hissələr; 750 ₼
Təkərlər (3 ildən bir dəyişməklə); 120–140 ₼ (3 il ərzində 360–420 ₼)
İcbarı sığorta; 80 ₼
Texniki baxış; 30 ₼
Yaxından tanıdığımız “Forester” sahibləri də avtomobillərini təmiz saxlamağı sevir. Bir avtoyumanı 10 ₼ götürsək, ayda 6-8 avtoyuma ortalama hesabla 70 ₼ edir. İlə vurduqda isə 840 ₼ xərc çıxır. Gözlənilməz xərclər isə pulqabından 300-400 manatı daha götürür.
Qaraj icmamıza sən də üzv ol!
“Telegram” kanalına abunə ol, avtomobillə bağlı maraqlı xəbərlərdən, məlumatlardan və sürprizlərdən ilk sənin xəbərin olsun!
Beləliklə, “Subaru Forester” kimi orta büdcəli, lakin texniki cəhətdən zəngin bir avtomobil üçün illik xərc rahatlıqla 6000 ₼-dan yuxarı ola bilir. Bu da göstərir ki, “Forester” sürüş zövqü və təhlükəsizlik baxımından güclü seçim olsa da, onu problemsiz saxlamaq üçün stabil və düşünülmüş büdcə mütləqdir.
Yüksəkbüdcəli seçim: Mercedes-Benz G 63 AMG
Hə, başlıqdan da göründüyü kimi, sonuncu nümunəmiz baxışları avtomatik özünə toplayan G 63-dür. Təbii ki, bu cür lüks maşını saxlamaq da baha başa gəlir.
G 63-ün benzin sərfiyyatı qarışıq rejimdə təxminən 18 l/100 km-dir. 98 benzinin 1 litr üçün qiymətini 2.30 ₼-dan götürsək və il ərzində 10 000 km yol sürsən, illik 4 140 ₼ benzinə xərcləmiş olacaqsan.
Mühərrik yağı, filtr, əyləc və soyuducu mayelər (İldə 2 dəfə); 1 500 ₼
Böyük servis intervalları (Transmissiya, diferensial mayelər, şamlar, turbo yoxlanışı); 2 000 ₼
Təkərlər (3 ildən bir dəyişməklə); 530 ₼ (3 il ərzində 1600 ₼)
İcbari sığorta və texniki baxış; 200 ₼
Gövdə və xırda hissələr (Apron, qranat, əyləc bəndləri); 600 ₼
Digər xırda hissələr və gözlənilməz xərclər; 750 ₼
Avtoyumanı da ayda 2 dəfədən hesablasaq və bir dəfəni 30 ₼-dan götürsək, ildə 720 ₼-a gəlib çıxırıq. Bütün bu xərcləri topladıqda isə təxmini illik büdcə 10 440 ₼ edir. Bir sözlə, G 63 AMG-ni saxlamaq üçün sabit gəlir və böyük büdcə lazımdır.
Nəticə
Avtomobil seçiminə diqqətlə yanaşmaq mütləqdir, xüsusilə də, büdcəni stabil və planlı saxlamaq üçün. Buna görə də gəlirinə uyğun bir avtomobil seçib, onu idarə etmək daha məntiqli görünür.
Avtomobilin virtual evi
Maşını Qaraj-a əlavə et, cərimələr, parkinq və EDM-lər bir tətbiqdə əlinin altında olsun.