17.10.2025
Farid
/müəllif

Krediti niyə vaxtında ödəməliyik: Faydalar, risklər və tövsiyələr

Bankdan kredit götürmək asan görünsə də, onu ödəmək əsl məsuliyyət tələb edir. Artıq ölkəmizdə də kredit götürmək həyatın bir hissəsinə çevrilib; istər təmir, istərsə avtomobil, istərsə də bir az rahatlıq üçün… Çoxları üçün isə bir məsələ fonda qalır: bu pulu vaxtında qaytarmaq niyə vacibdir?
Kreditin mahiyyəti
Lap dərinə ensək, “kredit” sözü latın dilində “etibar etmək” mənasına gəlir. Yəni sənə borc verən təşkilat (bank, BOKT və s.) sənə inanır və güvənir. Odur ki vaxtında bağlanan bütün borclar bu etimadın möhkəmlənməsi, beləcə, həmin təşkilatların sənə daha çox inanması deməkdir. Başqa sözlə, sən öz kredit tarixçəni yaxşılaşdırmış və elə özünə xeyirxahlıq etmiş olursan.
Azərbaycanda vəziyyət
Maliyyə ekspertlərinin fikrincə, ölkədə kredit tarixçəsi ideal olan müştərilərin sayı çox azdır. Bəzi borcalanlar krediti 1-2 gün gec ödəməyi normal hesab edir, bəziləri isə ümumiyyətlə, ödənişi planına daxil etmir. Mərkəzi Bankın açıqlamasına görə, 2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlər 530.9 milyon manata çatıb. Ötən il ilə müqayisə etsək, son səkkiz ayda 81.8 milyon manat artım olub.
Borcu qaytarmaq niyə vacibdir?
  • Kredit = etibar
Qeyd etdiyimiz kimi, kredit tarixçən sənin maliyyə reputasiyandır. Vaxtında ödəniş səni “etibarlı müştəri” kateqoriyasına salır və gələcəkdə daha yaxşı şərtlərlə kredit almaq imkanı yaradır.

  • Faizlər, faizlər, faizlər
Bir gün gecikmə gözə kiçik görünsə də, faizlər onu böyüdür. Gecikmə cərimələri və əlavə faizlər borcunu ikiqat artıra bilər.

  • Hüquqi nəticələr
Əgər borc uzun müddət ödənilməzsə, iş məhkəməyə gedə bilər. Əmlaka həbs qoyulması, gələcəkdə kredit ala bilməmək və s. kimi risklər yaranır.

  • Stres azadlığı
Borclu olmaq həm də zehni yükdür. Hər dəfə bildiriş gələndə bunu düşünmək psixoloji olaraq insanı tükəndirir.
Bizdən demək
Kredit tarixçəni yaxşılaşdırmaq və işini asanlaşdırmaq üçün məsləhət görürük ki:

  • Avtomatik ödənişlər/xatırlatmalar qur: Beləcə, ödəniş tarixini unutsan da, telefonun heç vaxt unutmayacaq.
  • Borcu borcla bağlamağa çalışma: Yeni kreditlə, ya da borcla köhnə borcu bağlamaq yalnız vəziyyəti çətinləşdirir.
  • Ehtiyat fondu və ya xəzinə yarat: Aylıq gəlirin müəyyən hissəsini kənara ayırmaq fövqəladə hallarda kredit gecikməsinin qarşısını alacaq.
  • Artan gəlir, azalan borc” strategiyasını işə sal: Hər maaş artımında kredit ödənişini bir az da yüksəlt. Müddət qısalsın, yükün azalsın.
Sözümüzün canı
Borcu vaxtında qaytarmaqla kredit tarixçəni təmiz saxlayır, faiz xərclərini azaldır, üstəlik, gələcək maliyyə imkanlarını genişləndirirsən. Ona görə də unutma ki kredit tarixçən gələcək imkanlarının açarıdır.
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!

Oxşar məqalələr