Zabeta
Müəllif
08.02.2024

Qənaət etməyin sirləri: 8 əsas tövsiyə

Varlı insan pulu çox olan deyil, pulu özünə kifayət edəndir. Bəzi yaxşı pul qazanan insanlar daim dostları və tanışlarından əmək haqqını alana qədər borc alırlar. Amma onlardan qat-qat az qazanan elə insanlar da var ki, onunla belə keyfiyyətli istirahət etməyi, bahalı alış-veriş etməyi və eyni zamanda yaxşı yeməkləri və gözəl geyinməyi bacarırlar. Bunun səbəbi nədir? Çox sadə bir səbəbi var: birinci qrupdakı insanlar qənaət etməyi bacarmırlar. Lakin qənaəti də düşüncəli şəkildə etmək lazımdır ki, bütün qazandığınız pulu “dar gün” üçün kənara qoyub həyatınızı təxirə salmayasınız.

Beləliklə, qənaət etməyin ilk qaydası odur ki, qənaət etməyiniz həyatınızın keyfiyyətini aşağı salmamalıdır, əksinə yüksəltməlidir. Daha sadə dillə desək: zəruri olmayan xərclərdən imtina etmək lazımdır, amma zəruri olan xərclərdən “dar gün” və ya “parlaq gələcək” üçün pul yığmaq naminə imtina etmək lazım deyil.

Beləliklə, düzgün qənaət etməyi bacarmaq üçün 8 faydalı məsləhəti bilmək vacibdir.
1. İmpulsiv alış-verişlərdən imtina et
Ancaq öncədən planlaşdırdığın məhsulları al. İmpulsiv alış-verişlər etmək cibinə ziyan vurmaqdan, evini lazımsız əşyalarla doldurmaqdan əlavə, həm də “şopoholizm” adlandırılan psixi pozğunluğa gətirib çıxara bilər.
2. Çox reklam olunan məhsul və xidmətlərdən istifadə etmə
Reklam xərcləri hər zaman qiymətə daxil edilir. Məhsul və xidmət seçdikdə dostlarının məsləhətlərinə əsaslan. Onların sənə heç bir şeyi satmaq niyyətləri yoxdur və ona görə də onlar məhsul və ya xidmətə keyfiyyət baxımından daha yaxşı qiymət verə bilərlər.
3. Maliyyə uçotu və maliyyə planlaşdırılmasını apar
Hər gün pulun haradan gəldiyini və haraya getdiyini, gələn pulu nəyə, nə vaxt və hansı miqdarda xərcləyəcəyini, hansı xərclərin ortaya çıxa biləcəyini və onları hansı pulla ödəyəcəyini qeyd et. Maliyyə uçotu insanı intizamlı olmağa vadar edir. Bəzən sırf apardığın hesabata qeyd etməyə tənbəllik etdiyin üçün hansısa lazımsız xərcdən imtina edə bilərsən. Hesabatı kompüterdə və telefonda apara bilərsən: hal-hazırda bir çox ödənişsiz maliyyə uçotu proqramları mövcuddur.
4. Pulun bir hissəsini uzunmüddətli hədəflər üçün yığ
Heç vaxt sadəcə “dar gün” üçün pul yığma. Pul sənin üçün işləməlidir. Lazımi alış-verişlər üçün maliyyə yükünü elə bölüşdür ki, büdcə üçün ağır olmasın. Yığdığın pul döşəyin altında tozlanmasın, sənə əlavə gəlir gətirsin.
5. Kreditə məhsul və ya xidmət götürmə
Sənə elə gələ bilər ki, kredit götürmək pul yığmaqla eynidir – böyük bir alış-veriş üçün pulu hissə-hissə ödəyirsən. Amma pul yığdığında əlavə gəlirin, kredit götürdükdə isə əlavə xərcin yaranır. Və bəzən bu xərcin məbləği kifayət qədər yüksək olur. Ödənişi etmədən məhsul və ya xidmətdən istifadə etməyə başlamaqsa, məncə, maliyyə intizamına pis təsir edir. Bununla özünü impulsiv alış-veriş etməyə provokasiya edirsən. Qənaət etməklə isə almağı planlaşdırdığın məhsul və ya xidmətə ehtiyacın olub-olmadığı haqda düşünmək üçün əlavə vaxt qazanırsan. Bundan əlavə, söhbət texnikadan gedirsə, sən pulu yığana qədər məhsul əhəmiyyətli dərəcədə ucuzlaşa bilər və ya eyni məbləğə ala biləcəyin yeni model buraxıla bilər. Bu qaydadan yeganə istisna var ki, o da aldığın məhsul və ya xidmətin sənə gəlir gətirdiyi haldır. Bu halda sən diqqətli şəkildə alacağın gəliri hesablamalısan. Gəlirin məbləği kredit ödənişindən yüksək olmalıdır.
6. Əmək haqqını aldığın gün böyük xərclər etmə
Maaşı aldığımız gün çoxumuz eyforiyaya düşürük. Pulumuz çoxdur, hər şeyə gücümüz çatır, kef edə bilərik. Amma bu sadəcə psixoloji bir məqamdır. Əmək haqqı aldığın gün özünə pul xərcləməyi qadağan et. Özünü impulsiv xərclərdən qoruya bilsən, pulun da cibində qalacaq.
7. Tarifləri optimallaşdır
İnternet, mobil telefon, kommunal ödənişlər üçün istifadə etdiyini tarifi axırıncı dəfə nə vaxt dəyişmisən? Tariflər vaxtaşırı olaraq yenilənir. Yeni müştəriləri cəlb etmək üçün daha sərfəli tariflər hazırlanır. Amma əvvəlki müştərilərə bu haqda məlumat verməyə tələsmirlər, axı onlar köhnə tariflərlə ödəniş etməyə davam edirlər. Bu səbəbdən də yeni tariflərə hər zaman nəzarət et və vaxtaşırı istifadə etdiyin tarifləri yenilə.
8. Ərzaq bazarına gedəndə üstündə kalkulyator olsun
Supermarketə deyil, ərzaq bazarına üstünlük verirsənsə, düzgün seçim edirsən. Marketlərdə qiymətlər demək olar ki, həmişə daha yüksəkdir və qiyməti aşağı salmaq imkanı yoxdur. Bundan əlavə, merçendayzerlər impulsiv alış-veriş etməyiniz üçün hər yola əl atırlar - onların çörəyi bundan çıxır. Ona görə də kalkulyator və əl tərəzisindən istifadə etməyə çəkinmə, uyğunsuzluq varsa, haqqını tələb et.
Oxşar məqalələr