pulları ram edir!
Pullar
Faydalı bilgilər
Mini məqalələr
Şəxsi təcrübə
02.03.2026
Azad
/müəllif

Pulsayan maşın: Ən çox kriptovalyutaya sahib olan “balinalar”

Kripto dünyasında “balina” o oyunçuya deyilir ki, portfeli təkbaşına bazarı hərəkət etdirə biləcək qədər böyüklükdədir. Bu bəzən anonim fərd, bəzən nəhəng birja, bəzən də bir dövlət xəzinəsi ola bilər. “On‑chain” məlumatlar göstərir ki, ən böyük balinalar təkcə “Bitcoin” yox, ümumilikdə bütün kriptoaktivlər üzrə on milyardlarla dollarlıq sərvətə nəzarət edirlər. Məqaləmizdə sözügedən ən böyük 10 balinanın siyahısına və arxasındakı hekayəyə baxacağıq.
*on-chain — blokçeyn şəbəkəsinin özündə, yəni açıq və hamının görə bildiyi tranzaksiya qeydlərində yer alan məlumat
İlk üçlük: “Binance”, “Coinbase” və “Satoshi”
“Binance” bu gün “on‑chain” ölçüdə dünyanın ən böyük kriptoholderidir və təxminən 163,6 milyard dollarlıq aktiv saxlayır. Bu vəsaitin böyük hissəsi yüz minlərlə istifadəçinin BTC, ETH və altkoinlərindən ibarətdir. Başqa sözlə, texniki nəzarət “Binance”də olsa da, mülkiyyət real olaraq pərakəndə investorlara aiddir.

“Coinbase” 86,4 milyard dollarlıq kripto ilə ikinci yerdədir və xüsusilə ABŞ-də institusional müştərilərin, ETF-lərin və pərakəndə istifadəçilərin əsas saxlama tərəfdaşıdır. “Binance” ilə müqayisədə daha sərt tənzimlənir, amma mahiyyəti eynidir; çox sayda insanın vəsaiti az sayda korporativ pulqabında toplanır.

Üçüncü yerdə isə fərqli bir fiqur — “Bitcoin”in yaradıcısı Satoşi Nakamoto. Araşdırmalar onun təxminən 1,096 milyon BTC-ə sahib olduğunu və bu BTC-lərin 22 minə yaxın adresə səpələndiyini göstərir. Xatırlayırsansa, Satoşi haqqında bu məqaləmizdə daha ətraflı yazmışdıq. Bu portfelin dəyəri 80+ milyard dollar həcmində qiymətləndirilir və demək olar, illərdir ki, toxunulmayıb. Məhz buna görə Satoşi “sükut halında” ən kritik balinadır. 2026-cı ildə isə hesabın yenidən aktivləşdiyini və yenidən BTC aldığını gördük.
Uoll-Strit (Wall Street) kriptoda: “BlackRock” və “Fidelity”nin rolu
Ən güclü 10 balina siyahısında “BlackRock”un 69,3 milyard dollarlıq, “Fidelity Custody”nin isə 37,1 milyard dollarlıq “on‑chain” kriptosərvəti ilə önə çıxması təsadüfi deyil. Hər iki qurum ənənəvi maliyyənin nəhəng oyunçularıdır və BTC, ETH və digər əsas aktivlərə yönəlmiş ETF-lər, fondlar və saxlama (custody) məhsulları vasitəsilə kriptoya kütləvi institusional pul axını təmin edirlər.
Bu, kripto üçün oyunun qaydalarını dəyişir. Belə ki, bir tərəfdən daha çox tənzimləmə, şəffaflıq və illərlə test olunmuş risk idarəetməsi gəlir. Digər tərəfdən isə bazarın taleyi getdikcə daha çox Uoll-Strit qərarlarından asılı olur və tək bir fondun alqı‑satqı qərarı milyardlarla dolları hərəkətə gətirə bilir. Beləliklə, kripto “banklara alternativ” kimi doğulsa da, yavaş‑yavaş həmin bankların öz balansının içində yer tutur.
DeFi (mərkəzləşdirilməmiş maliyyə) balinaları: “Lido” və “Aave”
“Lido” və “Aave” ilk baxışda klassik balina kimi görünür, amma onların mexanizmi birjalar və fərdlərdən fərqlidir. “Lido” üzərindən ETH və digər şəbəkələrdə “liquid staking” edən istifadəçilərin kilidlədiyi milyardlarla dollarlıq ETH eyni smart‑kontaktlarda toplanır və “on‑chain” statistikada “Lido” adlı vahid varlıq kimi görünür.
“Aave”də də vəziyyət oxşardır. İstifadəçilərin depozitləri, götürdükləri kreditlər və likvidlik hovuzları hamısı “Aave” protokolunun smart‑kontaktlarında cəmlənir. Nəticədə, “on‑chain” analitika təxminən 26,3 milyard dollarlıq aktivlə “Aave”ni siyahıda göstərir, amma bu pullar tək bir sahibin deyil, minlərlə insanın vəsaitinin birgə hovuzudur. Yəni DeFi balinaları, əslində, “kollektiv balina”dır, sanki, minlərlə kiçik balığın bir yerdə üzdüyü nəhəng sürüdür.
*liquid staking — şəbəkədə gəlir əldə etmək üçün kriptovalyutanı kilidləyərkən eyni zamanda onun təmsilçi tokenini alıb istifadə etməyə davam etmək imkanı
Dövlət və korporativ xəzinələr: ABŞ hökuməti və “MicroStrategy”
ABŞ hökumətinin “on‑chain” portfeli əsasən FBI, DOJ və digər qurumların müsadirə etdiyi BTC və altkoinlərdən formalaşır. “Arkham”ın siyahısına görə, bu aktivlərin ümumi dəyəri təxminən 26,3 milyard dollar civarındadır və bu sərvət bəzən hərraclarda satılır, bəzən isə uzun müddət dövlət adreslərində qalır.

“MicroStrategy” isə tamamilə fərqli, daha aktiv yanaşma sərgiləyir. Şirkət illərdir, balansını sistemli şəkildə BTC ilə doldurur və bu strategiyanı açıq‑aydın “Bitcoin treasury” modeli kimi təqdim edir. “Arkham”ın “Strategy” etiketi altında izlədiyi adreslərdə 30 milyard dollardan çox dəyərdə BTC saxlanılır və bu onu korporativ kriptoholderlər arasında lider edir. Beləliklə, kripto həm dövlətlərin “müsadirə aktivləri”ndə, həm də şirkətlərin strateji xəzinə idarəetmə planlarında mərkəzi yer tutmağa başlayıb.
Yekun: Kripto, həqiqətən, nə qədər mərkəzləşdirilməyib?
Rəqəmlər göstərir ki, ümumi kripto sərvətinin çox böyük hissəsi birjalar, DeFi protokolları, fondlar, dövlətlər və bir neçə fərdi “superbalina” da daxil olmaqla, cəmi bir neçə qurumun və ya şəxsin nəzarətində cəmlənib. Amma bunların böyük qismi tək‑tək insan deyil, milyonlarla istifadəçinin vəsaitini bir yerdə saxlayan maliyyə və investisiya platformaları, likvidlik hovuzları və ETF strukturlarıdır.

Texniki tərəfdən baxanda şəbəkələr açıqdır, hər kəs öz cüzdanını yarada bilər və heç kim protokolu təkbaşına söndürə bilmir. Praktiki tərəfdən isə likvidlik, rahatlıq və institusional xidmətlər bizi yenə müəyyən mərkəzlərin ətrafında toplayır. 
Bu zaman sual yaranır ki:
“Kriptonun limon qazanı”na daima bir neçə nəhəng balina liderlik edəcək, yoxsa bu güc yenidən pərakəndə istifadəçilərə qayıda biləcək?

Aşağıdakı cədvəldə ən çox kriptoya sahib olan qurum və şəxsləri cədvəl şəklində görə bilərsən:
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!

Oxşar məqalələr