İkinci əl bazarının real faydaları və bizdən məsləhətlər
Azərbaycanda istifadə edilmiş və ya “ikinci əl” əşyalar hələ də bəzilərinə qəribə gəlir. Köhnədir, yararsızdır və ya qorxuludur… Əslində, ikinci əl bazarı həm cibimizə uyğundur, həm də ətraf mühitə faydalıdır.
“tap.az”, “lalafo.az” və yarmarkalarda axtarış edərək dəyərindən qat-qat ucuz əşyalar və ləvazimatlar tapmaq mümkündür. Məsələn, mebellər, nadir kitablar, geyimlər, elektronika və retro əşyalar.
Qaraj satışı məntiqi
Qaraj satışı sadə, amma maraqlı sistemdir. Azərbaycanda məşhur olmasa da, nadir hallarda rastlaşmaq mümkündür. İnsanlar istifadə etmədikləri əşyaları satışa çıxarır, alıcılar isə ucuz qiymətə istifadəyə yararlı əşyaları alır. Beləliklə, həm qənaət edirik, həm də tullantı yaranmır və ətrafımıza töhfə veririk.
Bizim məsləhətlərimiz
Plan qur və axtar: Axtarışa çıxmadan əvvəl nə almaq istədiyini müəyyən et ki, boşuna vaxt itirməyəsən;
Qiymət və keyfiyyət: Ucuz olduğunu görüb qiymətə aldanma. Əşyanı yerindəcə yoxla və keyfiyyətinə fikir ver;
Danışıq sənəti: Endirim üçün danışıq aparmağı bacar, utanma. Satıcının dediyi vaxt həmişə son qiymət olmaya bilər.
Sosial medianın gücü: “Facebook”un marketpleysində, eləcə də bəzi “Telegram” kanallarında nadir tapıntılarla rastlaşmaq mümkündür.
Oflayn məntəqələr
Onlayn platformalardan əlavə, şəhərdə ikinci əl geyim mağazaları (daha çox “MEMİ” kimi tanınır) fəaliyyət göstərir. Həmin mağazaları gəzərək qarderobuna maraqlı parçalar əlavə edə bilərsən.
Demək istədiyimiz odur ki, ikinci əl bazarı sadəcə ucuzluq deyil, həm də qənaət və davamlılıq dünyasıdır. Sən də bu dünyaya giriş et ki, dostlarından geri qalmayasan.
Limon qazanında səni sürprizlər gözləyir!
“Telegram” kanalımıza abunə ol, pullar, maliyyə haqqında faydalı məlumatlar və daha çoxu haqqında yeniliklərdən ilk sən xəbər tut!